Quba-Tüləkəran avtomobil yolu nə vaxt bərpa olunacaq? - FOTO VİDEO
Quba, 16 sentyabr, AZƏRTAC
Qubada 6 kəndin sakinləri artıq üç aydır ki, torpaq sürüşməsi nəticəsində sıradan çıxan Quba–Tüləkəran avtomobil yolunun əvəzinə çəkilən müvəqqəti alternativ yoldan istifadə edir. Bəzi hissələri enişli-yoxuşlu və dar ərazidən keçən alternativ yolda xüsusilə yağıntılı havalarda nəqliyyatın hərəkətində çətinliklər yaşanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba–Tüləkəran avtomobil yolunun 4-cü kilometrliyində torpaq sürüşməsi cari ilin iyunun ayının 15-də baş verib. Sürüşmə nəticəsində yolun təxminən 200 metrlik hissəsi dağılıb. Ərazidə 10–15 metr hündürlüyündə uçurum yaranıb.
Sürüşmədən sonra hərəkətin təmin olunması məqsədilə təxminən 3 kilometr uzunluğunda müvəqqəti alternativ yol salınıb. Hazırda həmin yoldan 6 yaşayış məntəqəsinin – Gültəpə, Möhüc, Tülər, Yenikənd, Yuxarı Tüləkəran və Aşağı Tüləkəran kəndlərinin sakinləri istifadə edirlər.
“Alternativ yolla hərəkət etmək çox çətindir. Yağış yağandan sonra palçıqdan çıxmaq olmayacaq. Maşınlarımız da sıradan çıxır. Qarşıda yağışlı hava gəlir. Yağış çox yağsa, yol tam bağlana bilər. Burada qəza riski də yüksəkdir. Əsas yolun bərpa olunmasını gözləyirik”, - deyə Gültəpə kənd sakini İlqar Ağayev bildirib.
Tüləkəran kənd sakini Telman Rizvanov deyir ki, sürüşmə baş verəndən sonra kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişində ciddi çətinliklər yaranıb: “Bu sürüşmə hadisəsindən təxminən üç ay keçir. Bu yola təcili tədbir görülməsini istəyirik. İndi yaydır, amma qarşıda yağışlı günlər, payız gəlir. Şəhərə gedib-gəlməyimiz üçün bu yol çox vacibdir. Payız-qış aylarında, qarlı-şaxtalı havada tamamilə bağlanacağından narahatıq”.
Sakinlərin əsas gözləntisi yolun mümkün qədər tez bərpa olunması, alternativ yolun isə xüsusilə yağıntılı mövsümdə təhlükəsiz və fasiləsiz hərəkəti təmin edəcək vəziyyətə gətirilməsidir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə sürüşmə sahəsindən kənar təxminən 3 kilometr uzunluğunda müvəqqəti alternativ yol salınaraq istifadəyə verilib.
Onun sözlərinə görə, əsas yolun dayanıqlı və təhlükəsiz şəkildə bərpası məqsədilə əraziyə baxış keçirilib, müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Hazırda sürüşmə zonasının xüsusiyyətləri nəzərə alınmaqla layihə sənədlərinin hazırlanması istiqamətində işlər aparılır. Layihə təsdiqləndikdən sonra ərazidə bərpa işlərinə başlanılacaq.
Müxbir - Elxan Yusifli