İQTİSADİYYAT
“Şahdəniz-2”dən 21 quyu qazılıb və onlardan 19-u tamamlanıb
Bakı, 6 avqust, AZƏRTAC
Cari ilin ikinci rübündə “Şahdəniz-2” layihəsi dərinsulu şərq-cənub cinahından (suyun 540 metr dərinliyində) hasilata başlanıb. Bu, 2021-ci il üçün planlaşdırılmış və təhlükəsiz, qrafikə və büdcəyə uyğun yerinə yetirilmiş mühüm bir hadisədir. Dərinsulu şərq-cənub cinahından hasilat dənizdə bütün əlaqədar quraşdırma və istismar sınaqları uğurla başa çatdıqdan sonra 2021-ci il iyunun 30-da başlandı. Cinahın 2021-ci ilin üçüncü rübündə tam hasilat səviyyəsinə çatacağı gözlənilir.
Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən bildirilib. Məlumata görə altı ayda “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
“İstiqlal” qazma qurğusu “SDF03”, “SDF04” və “SDC05” quyularında sualtı tamamlama işlərini bitirib. “Maersk Explorer” qurğusu “SDH03” quyusunun alt hissəsini tam dərinliyinədək qazıb və quyu konservasiya olunub.
Bu iki qurğu “Şahdəniz-2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb - yatağın şimal cinahında 5 quyu, qərb cinahında 4 quyu, şərq-cənub cinahında 4 quyu, qərb cinahın cənub hissəsində 4 quyu, şərq cinahın şimal hissəsində 2 quyu tamamlanıb, qərb cinahın cənub hissəsində 1 quyu, şimal cinahda 1 quyu, şərq cinahın şimal hissəsində 1 quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.