İDMAN


“Səbail” “Qarabağ”ın 16 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son matçında "Qarabağ" klubu "Səbail"in qonağı olub. "ASCO Arena"dakı oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 32-ci dəqiqədə açılıb. Nikolas Raysel "dənizçilər"i önə keçirib. On dəqiqə sonra Mirsayib Abbasov fərqi 2 topa çatdırıb. Matçın 65-ci dəqiqəsində qonaqların braziliyalı yarımmüdafiəçi Kadi Borges topu künc nöqtəsindən birbaşa qapıya göndərməklə baxımlı qola imza atıb. Matçda son nöqtəni isə Turan Manafov qoyub. O, əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə cərimə zərbəsindən əla qolla yekun hesabı müəyyənləşdirib.

Bu, "Qarabağ"ın cari mövsümdə ilk məğlubiyyəti olub. Həmçinin "köhlən atlar"ın 16 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Bu nəticədən sonra "Qarabağ" 17 xalla liderliyini qoruyub. Xallarını 9-a çatdıran "Səbail" isə 5-ci pilləyə yüksəlib.

Qeyd edək ki, ilk oyun günündə "Sabah" evdə "Sumqayıt"a 3:0, "Qəbələ" səfərdə "Keşlə"yə 3:2 hesabı ilə qalib gəlib. Ötən gün baş tutan matçda isə "Neftçi" klubu "Zirə"ni məğlub edib - 2:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.