CƏMİYYƏT


Şəhid Babək Ramaldanovun anım günü qeyd olunub

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da İkinci Fəxri xiyabanda keçirilən anım tədbirində Bakının Xətai rayonundan olan, Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Babək Ramaldanovun xatirəsi ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri qəhrəman zabitin məzarını ziyarət etdilər.

Anım mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından bütün şəhid valideynlərinə başsağlığı verildi.

Anım mərasimində çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhid Babək Ramaldanovun ailəsinə bir daha başsağlığı verərək onlara Allahdan səbir diləyib. O, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.

R.Quluyev, həmçinin dövlətimizin şəhidlərin xatirəsinə bəslədiyi ehtiram və onların ailələrinə qayğısından bəhs edərək Babək Ramaldanovun valideynlərinə təsəlli verib, Vətən üçün belə gərəkli övlad böyütdüklərinə görə bir daha onlara təşəkkür edib. Qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvləri də hər zaman dövlət qayğısı ilə əhatə olunacaqlar.

YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə anım mərasimində çıxış edərək söyləyib ki, bu gün Azərbaycanın ən müqəddəs məkanlarından birinə toplaşmışıq: “Burada uyuyan şəhidlərimiz Azərbaycan tarixinin ən şanlı səhifəsini yazmış igidlərimizdir. Bu qəhrəmanların timsalında biz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətinin, gücünün bir nümunəsini gördük. Onlar bizim qəlbimizdəki 30 illik Qarabağ nisgilinə son qoydular. Şəhidlərimiz Azərbaycan oğullarının qəhrəman, igid, yenilməz olduqlarını sübut etdilər. Onlar Azərbaycanın hər bir vətəndaşına örnək olan bir həyat yolu keçdilər. Mən bütün şəhidlərimizin valideynləri qarşısında baş əyirəm. Şəhidlər təkcə valideynlərinin əzizi deyil, hər bir azərbaycanlının, Azərbaycanı sevənlərin əzizi, doğmasıdır. Onlar Azərbaycan tarixində, xalqımızın yaddaşında əbədi yaşayacaqlar. Azərbaycanın qəhrəmanlıq tarixinin Zəfər dolu salnaməsini yazan şəhidlər ölməzdirlər, xalqımız var olduqca onlar da yaşayacaqlar”.

V.Rəhimzadə qeyd edib ki, şəhidlərimiz Azərbaycanın ərazi bütövlüyünü bərqərar etdilər, onlar heç zaman unudulmayacaqlar: “Onlar yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrətini göstərdilər. Təkcə erməni quldurlarına deyil, bizi sevməyən digər anti-Azərbaycan dairələrə qarşı da öz mövqelərini qəti şəkildə ortaya qoydular, böyük şücaət nümayiş etdirdilər. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Şəhidlərimizi böyüdən valideynlərə təşəkkür edirəm ki, belə qəhrəman övladlar yetişdiriblər. Gənclərimizin hər biri bu qəhrəmanların şərəfli həyat və döyüş yollarını öyrənməlidir”.

Şəhidin dayısı, ehtiyatda olan polkovnik Şair Ramaldanov çıxış edərək respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Babək kimi qəhrəmanların gənc nəslə örnək olduğunu vurğulayıb. Babək Ramaldanovun xatirəsinin heç zaman unudulmayacağını bir daha diqqətə çatdıran Ş.Ramaldanov Azərbaycanda canlarını Vətən yolunda qurban verənlərə, Milli qəhrəmanlara, qazi və şəhid ailələrinə sonsuz ehtiram nümayiş etdirildiyini vurğulayıb.

Tədbirdə Xalq artisti Əli Nur, həmçinin məktəblilər Vətən haqqında şeirlər səsləndiriblər.

Şəhid Babək Ramaldanovun ruhuna dualar oxunub, məzarı üzərinə əklillər, tər gül-çiçək dəstələri düzülüb.

Sonra tədbir iştirakçıları şəhid jurnalist, Milli Qəhrəman Kazımağa Kərimovun və şəhid polkovnik-leytenant Babək Ramaldanovun xatirəsinə Xətai rayonunun Kazımağa Kərimov küçəsində ucaldılan abidə kompleksinin qarşısında keçirilən anım mərasimində iştirak ediblər.

Anım mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani şəhidlər Babək Ramaldanovun və Kazımağa Kərimovun döyüş yolu haqqında danışıb. Qeyd edib ki, şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq: “Şəhidlərimizin qanı yerdə qalmayıb, onların qisası, intiqamı Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanlarında alınıb.”

Mərasimdə çıxış edənlər şəhidlərin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.

Anım mərasimində şəhidlərin ailə üzvləri çıxış edərək göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Sonra şəhidlərin abidə kompleksinin qarşısına əklil qoyulub, tər gül-çiçək dəstələri düzülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.