İQTİSADİYYAT
Sudan qənaətlə istifadə edilməsində vətəndaş cəmiyyətinin üzərinə böyük vəzifələr düşür
Bakı, 22 mart, AZƏRTAC
22 Mart - Dünya Su Resursları Günü ilə əlaqədar “Azərsu” ASC və “Azərsu” ASC yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə “Qlobal iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri və sudan səmərəli istifadə” mövzusunda videokonfrans formatında müzakirələr keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan “Azərsu” yanında İctimai Şuranın sədri Rauf Zeyni son illər müşahidə olunan iqlim dəyişikliklərinin şirin su ehtiyatlarının azalmasına səbəb olduğunu qeyd edib. Əksər dünya ölkələrində, o cümlədən Azərbaycanda da müşahidə olunan bu tendensiyanın təsirlərini azaltmaq üçün hökumət səviyyəsində kompleks tədbirlər görülür. Belə şəraitdə istehlakçıların sudan qənaətlə istifadəsi təşviq edilməlidir və bu işdə vətəndaş cəmiyyətinin üzərinə böyük vəzifələr düşür.
Konfransda çıxış edən BDU-nun prorektoru, coğrafiya elmləri doktoru Fərda İmanov, Xəzər Universitetinin mərkəz rəhbəri, “Azərsu” yanında İctimai Şuranın üzvü Rövşən Abbasov, Ekologiya Nazirliyinin şöbə müdiri Faiq Mütəllimov, “Azərsu” ASC-nin şöbə rəisi Elkin Rüstəmov, Milli Məclisin üzvü Ceyhun Məmmədov, FHN-in Su Ehtiyatları Dövlət Agentliyinin şöbə müdiri Sevinc Quliyeva, Azad İstehlakçılar Birliyinin və “Azərsu” ASC yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov, FAO-nun Azərbaycan nümayəndəliyinin əməkdaşı Aynur Seyidyusif, Sukanal ETLİ-nin direktor müavini Rəşail İsmayılov və digər iştirakçılar Azərbaycanın şirin su ehtiyatlarının dinamikası və gözləntilər, suvarmada, sənayedə və məişətdə su ehtiyatlarından səmərəli istifadə və onun təşviqi məsələlərindən ətraflı bəhs ediblər.
Vurğulanıb ki, azalan su ehtiyatlarından inteqrasiyalı və səmərəli istifadə təbiətə, təsərrüfatlara mənfi təsirlərini minimuma endirməyə imkan verəcək.
Müzakirələrdə Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulan işlərin icrası istiqamətində görülən işlərin əhəmiyyətindən danışılıb. Tədbirlər Planının 7-ci bəndində nəzərdə tutulan maarifləndirmə işlərində vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin xüsusi fəallığının vacibliyi, qeyri-hökumət təşkilatları tərəfindən bu istiqamətdə təbliğat və təşviqat layihələrinin həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Qeyd edək ki, BMT Baş Assambleyasının 22 dekabr 1992-ci il tarixli Qətnaməsinə əsasən 1993-cü ildən başlayaraq hər il mart ayının 22-si Dünya Su Resursları Günü kimi qeyd edilir.