Toxumçuluq təsərrüfatlarında kondisiyalı toxumların tədarükünə başlanılıb
Bakı, 21 iyul, AZƏRTAC
Toxumçuluq təsərrüfatlarında kondisiyalı toxumların tədarükünə başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, respublikada istehsalçı fermerlərin sertifikatlı buğda və arpa toxumlarına olan tələbatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam edir. Ötən ilin payızında 2018-ci ilin toxumluq məhsulu üçün 60 min hektara yaxın sahədə əkin aparılıb.
Sort təmizliyi və keyfiyyəti müvafiq standartların tələblərinə cavab verən toxum əldə etmək üçün aprobasiyasına icazə verilmiş 49 min hektar sahənin 82 faizində biçin aparılıb və hazırda biçin davam edir.
Biçini başa çatdırmış toxumçuluq təsərrüfatlarında toxumların təmizlənməsinə başlanılıb. Toxumluq əkin sahələrində məhsuldarlıq 35 sentnerdən yüksəkdir. Tədarük olunan toxumluq məhsulun təmizlənərək kondisiyaya çatdırılması üçün onun nəmliyi 12 faizdən yüksək və təmizliyi 98 faizdən aşağı olmamalıdır.
Nəmliyi və təmizliyi uyğun olmayan toxumların cücərmə qabiliyyəti və təsərrüfat yararlılığı aşağı olur. Bu səbəbdən də Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti toxumların optimal müddətdə təmizlənərək kondisiyaya çatdırılması üçün yerli qurumların mütəxəssislərinə mütəmadi olaraq toxumçuluq təsərrüfatlarında olması və toxumluq məhsulun dərmanlanması, qablaşdırılması, etiketlənməsi və partiyalarla yığılması haqqında toxum istehsalçılarını təlimatlandırmaq tapşırılıb.