UEFA Çempionlar Liqası: “Qarabağ”-BATE oyunu başlayıb
Bakı, 7 avqust, AZƏRTAC
Avqustun 7-də futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi ilk matçında Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Belarusun BATE (Borisov) komandası ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində Hannes Haldorsson, Qara Qarayev, Maksim Medvedev, Simeon Slavçev, İnnosent Emeqara, Miçel, Con Delarj, Rəşad Sadıqov, Abdella Zubir, Bədavi Hüseynov, Donald Gerye alıblar.
BATE-nin ilk onbirliyində isə meydana Denis Şerbirski, Aleksandr Fikipoviç, Yevgeniy Yablonski, Stanislav Draqun, Mirko İvaniç, Nikolay Siqneviç, Aleksey Rios, Yeqor Filipenko, İqor Staseviç, Dmitri Baqa, Maksim Volqko çıxıblar.
Oyunu isveçli hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Andreas Ekberqindir. Ona həmyerliləri Mehmet Kulum və Stefan Hallberq kömək edirlər. Dördüncü hakim funksiyasını isə Kristofer Karlsson yerinə yetirir.
Bu komandalar indiyədək heç vaxt qarşılaşmayıblar. “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” komandasını mübarizədən kənarlaşdırıb (1:0, 0:0). Ağdamlılar ikinci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubunu iki oyunun nəticəsinə görə üstələyiblər - 0:0, 3:0.
Altı dəfə Azərbaycan çempionu və ölkə kubokunun qalibi olan Qurban Qurbanovun yetirmələrinin avrokuboklarda ən yaxşı göstəricisi 2017-2018-ci illər mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması olub.
Belarusun ən titullu klublarından olan BATE klubu 14 dəfə ölkə çempionu olub. Aleksey Baqanın yetirmələri indiyədək 11 dəfə avrokuboklarda iştirak hüququ qazanıblar. Klubun UEFA Avropa Liqasında ən böyük nailiyyətini 2010-cu və 2012-ci illərdə onaltıdabir final mərhələsinə yüksəlməklə əldə edib. BATE UEFA-nın klub reytinqində 70-ci pillədə qərarlaşıb.
“Qarabağ”-BATE qarşılaşmasının qalibi pley-off mərhələsində Hollandiyanın “PSV Eyndhoven” komandası ilə üz-üzə gələcək. Mübarizəni dayandıran klub isə UEFA Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova)-“Valur” (İslandiya) oyununun qalibi ilə görüşəcək.
Foto: Tofiq Babayev