MƏDƏNİYYƏT
Varşavada azərbaycanlı dirijorun rəhbərliyi ilə konsert təqdim olunub
Varşava, 21 yanvar, AZƏRTAC
Varşavanın “Polşa Radio Konsert Studiyası”nda “Sinfonia Varsovia" simfonik orkestrının konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, orkestrə Azərbaycanın Əməkdar artisti, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrının dirijoru, eyni zamanda, Yeni Münxen Simfonik Orkestrının baş dirijoru Fuad İbrahimov rəhbərlik edib.
"Sinfonia Varsovia" orkestrın rəhbəri Yanuş Marınovski tərəfindən dəvət olunmuş azərbaycanlı dirijorun rəhbərliyi ilə keçirilən konsertin proqramında tanınmış polyak bəstəkarları Qrajina Batseviç, Miçıslav Vaynberg, görkəmli rus bəstəkarı Dmitri Şostakoviçin və bir sıra digər bəstəkarların əsərləri yer alıb.
Polşa Elmlər Akademiyasının İncəsənət tarixinin əsaslarının araşdırılması üzrə Mərkəzin rəhbəri, eyni zamanda, Varşava İncəsənət Akademiyasının rektoru Marçin Zqlinski konsert zamanı Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovla görüşüb.
Görüşdə musiqiçi alim Azərbaycan musiqisinə, xüsusən də Üzeyir Hacıbəyliyə olan vurğunluğunu qeyd edərək, 2018-ci ildə Moskvada Qara Qarayevin yüz illiyinə həsr olunmuş konsertdə iştirak etdiyini vurğulayıb.
Yüksək səviyyədə təşkil olunmuş konsert alqışlarla qarşılanıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava