İDMAN
Vladimir Petkoviç: İsveçrə və Uels milliləri eyni gücə malik komandalardır
Bakı, 11 iyun, AZƏRTAC
Son zamanlar gözəl oyun nümayiş etdiririk. Sabah ən əsası topa sahib olmaq və oyuna diktə etmək istəyirik. Bütün bunları yerinə yetirmək üçün ilk öncə özünəinam olmalıdır. Ümid edirəm ki, futbolçularımda bu keyfiyyət var.
AZƏRTAC xəbər verir ki, bunu “Avro-2020” çərçivəsində Bakı Olimpiya Stadionunda Uels yığması ilə qarşılaşacaq İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç iyunun 11-də təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, sabah "Avro-2020" çərçivəsində ilk oyunumuzu keçirəcəyik. Bizi çətin və məsuliyyətli oyun gözləyir. İsveçrə və Uels milliləri eyni gücə malik komandalardır. Sabah start fitindən oyuna köklənməliyik. Bu, bizi uğura apara bilər.
İsveçrə millisini kapitan sarğısında meydana çıxaracaq Qranit Caka deyib: "11 ildir milli komandanın heyətində çıxış edirəm. Avropa çempionatının seçmə mərhələsində komandanın kapitanı olduğum üçün qürur duyuram. Bu məsuliyyət "Avro-2020"nin final mərhələsində də üzərimdə olacaq. Bu, məni yeni uğurlara ruhlandırır".
"Əsas məqsədimiz qrupda ilk iki pillədən birində qərarlaşmaqdır. Bundan başqasını düşünmək istəmirəm. Çünki özümüzü buna kökləmişik", - deyə futbolçu əlavə edib.
Uels-İsveçrə matçı iyunun 12-də saat 17:00-da başlayacaq.
Bakı Olimpiya Stadionu, həmçinin iyunun 16-da Türkiyə - Uels, dörd gün sonra Türkiyə - İsveçrə, iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək. A qrupunda yer alan İtaliya millisi oyunlarını doğma meydanda keçirəcək.