Yaponiya və Vyetnamın Baş nazirləri azad ticarətə dəstək vermək barədə razılığa gəliblər
Tokio, 8 oktyabr, AZƏRTAC
Yaponiya və Vyetnamın Baş nazirləri azad ticarətə dəstək vermək barədə razılığa gəliblər.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Baş nazir Şinzo Abe oktyabrın 8-də Tokioda Vyetnamın Baş naziri Nquen Suan Fuk ilə görüşüb. N.S.Fuk oktyabrın 9-da başlayacaq “Mekonq-Yaponiya” sammitində iştirak etmək üçün Yaponiyada səfərdədir.
Ş.Abe Mekonq regionunda ikitərəfli əlaqələrin inkişafı üçün Vyetnam ilə əməkdaşlığa hazır olduğunu bildirib.
N.S.Fuk isə bəyan edib ki, Yaponiya Vyetnamın inkişaf strategiyasında çox mühüm rol oynayır və o, iki ölkə arasında əməkdaşlığın gələcək inkişafında maraqlıdır.
Ş.Abe və N.S.Fuk Trans-Sakit okean Tərəfdaşlığı (TPP) çərçivəsində azad ticarət barədə razılaşmanın tezliklə reallaşmasının tərəfdarı olduqlarını bildiriblər. Yaponiya və Vyetnam TPP razılaşmasını imzalayan ölkələr sırasına daxildirlər.
Baş nazirlər, həmçinin bəyan ediblər ki, onların ölkələri azad və açıq Hind-Sakit okean regionunun yaradılması üçün dənizdə təhlükəsizliyin təmin olunmasına çalışacaqlar.
Bundan əlavə, hər iki tərəf Vyetnamdan daha çox işçi qüvvəsinin cəlb olunması üçün vyetnamlıların yapon dilini öyrənməsinə yardım etməyə şərait yaradacaqlarını da bildiriblər.
Eyni zamanda, görüşdə Şimali Koreyanın nüvə silahının ləğvi istiqamətində birgə fəaliyyət barədə razılıq da əldə edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio