Zaqatalada şəhid Elvin Məmmədovun xatirəsinə inşa edilmiş bulağın açılışı olub
Zaqatala, 3 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Oktyabrın 3-də Zaqatala şəhərinin Zərifə Əliyeva küçəsində Vətən müharibəsinin şəhidi Elvin Məmmədovun xatirəsinə inşa edilmiş abidə-bulağın açılışı olub.
Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimin əvvəlində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, həyatının 28-ci ilində əbədiyyətə qovuşan şəhid Elvin Məmmədovun keçdiyi şərəfli döyüş yolundan danışıb. Bildirilib ki, oktyabrın 3-ü, həm də şəhid Elvinin doğum günüdür. Onun şərəfli ömür yolu gənclərə örnək, nümunədir.
Vurğulanıb ki, xalqımız öz igid oğulları ilə həmişə fəxr edir. Vətən müharibəsində Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elvin Məmmədovun, eləcə də digər şəhidlərimizin əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.
Şəhidin anası Tahirə xanım, həyat yoldaşı Xəyalə Məmmədova çıxış edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.
Rayon rəhbərliyi daha sonra Yuxarı Çardaxlar kəndinə gələrək, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən Əhməd Laçınovun şəhadətə yüksəlməsinin birinci ildönümü ilə əlaqədar keçirilən anım tədbirində iştirak edib, şəhidin məzarı üzərinə gül dəstələri düzüb, xatirəsinə ehtiramını bildirib, ailə üzvləri ilə görüşüb.