® “PUBG Mobile” üzrə Azərbaycanın ən böyük onlayn çempionatı başlayır
Bakı, 1 sentyabr, AZƏRTAC
“Gaming League Azerbaijan” (GLA) sentyabrın 1-dən 21-dək “PUBG Mobile” birinciliyi” uğrunda Azərbaycanın ən böyük onlayn çempionatını elan edir.
AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizin müxtəlif bölgələrini təmsil edən “Qarabağ atları”, “Naxçıvan Əlincə qalası”, “İçərişəhər ağ şalvarlıları” və “Gəncə aşıqları” kimi 512 komanda mübarizə aparacaq. Hər komanda 2 oyunçudan ibarət olacaq.
Yarışın qaydalarına gəldikdə, iştirakçılar hər birində 32 komandanın yer aldığı 16 qrupa bölünüb. Bütün komandalar qruplarda 3 müxtəlif xəritədə güclərini sınayacaqlar. On səkkiz gün davam edəcək qarşıdurmadan sonra hər qrupda ilk 2 yeri tutan cütlük böyük finala vəsiqə qazanacaq. Sentyabrın 21-də baş tutacaq final mübarizəsində ilk 5 yeri tutan komandaların üzvlərinə “MyShops.az” tərəfindən müxtəlif telefonlar hədiyyə ediləcək.
Son illərdə bütün dünyada məşhurlaşan “PUBG Mobile” (PlayerUnknown's Battlegrounds) 2017-ci ildə oyunçulara təqdim edilən kiber idman qoludur. PUBG istifadəyə verildiyi ilk dövrlərdə sadəcə kompüter oyunu olsa da, zamanla mobil telefon və planşetlərdə də oynanılmağa başlanıb. Oyunda əsas məqsəd sağ qalmaq və rəqib iştirakçıları zərərsizləşdirərək qalib gəlməkdir. İstər fərdi, istərsə də komanda ilə oynanıla bilən bu oyun ölkəmizdə yeniyetmələr və gənclər arasında çox məşhurdur. Oyunun faydaları arasında əsas yeri isə hərbi hazırlıq tutur. Belə ki, xəritə oxumaq bacarığı, döyüş taktikaları və strategiya qurmağı, eləcə də komanda şəklində rəqibə qalib gəlməyi öyrənən gənclər gələcəyin ən yaxşı hərbi mütəxəssislərinə çevrilə bilərlər. Sürətli düşünmək və qərar vermək, doğru addım ataraq sağ qalmaq və rəqibi məhv etmək bacarıqları gənclərdə qısa zamanda doğru qərar qəbuletmə xüsusiyyəti yaradır.
GLA-nın təşkilatçılığı ilə keçirilən turnirin tərəfdaşları Müdafiə Sənayesi, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Kiber İdman Federasiyası və “MyShops.az” onlayn alış-veriş saytıdır.
2019-cu ilə qədər olan statistikaya görə, 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsinin məşhurluğu bu gün də artmaqdadır. Kiber idman oyunları test oyun olaraq 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına daxil edilib. Azərbaycanda isə 2019-cu ildə yaranmış, kiber idman turnirləri həyata keçirən GLA bu günədək 14 kiber idman çempionatı təşkil edib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu şirkətin prioritet məqsədləri arasında Azərbaycanda beynəlxalq səviyyəyə qədər kiber idman üzrə oyunların inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılması daxildir.
“PUBG Mobile” həvəskarlarının bu turniri yaxından izləmələri tövsiyə olunur. Bu çempionat çox maraqlı və çox fərqli olacaq.