"Anadolu” gəmisi Türkiyənin və ümumilikdə Türk dünyasının böyük uğurudur - Hərbi ekspert
Bakı, 11 aprel, AZƏRTAC
Türkiyənin hərbi dəniz qüvvələri ilk dəfə olaraq zərbə pilotsuz uçuş aparatları (PUA) daşıya bilən “Anadolu” gəmisini silahlanmaya qəbul edib. Bu silahlanmada çoxməqsədli desant hücum gəmisi olaraq təsnifatlandırılır. 231 metr uzunluğunda olan hərbi gəmi qısa məsafədə qalxma imkanlarına malik qırıcıların, helikopterlərin və PUA-ların daşınması üçün uçuş-enmə zolağına malikdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.
O qeyd edib ki, bəzi mənbələrə görə “Anadolu” gəmisi ABŞ-dan alınması planlaşdırılan “F-35B” beşinci nəsil qırıcı təyyarələrin daşınması üçün nəzərdə tutulurdu. Lakin sonradan “S 400” hava hücumundan müdafiə sistemləri proqramı ilə bağlı ABŞ ilə Türkiyə arasında böhran vəziyyətinin yaranması səbəbindən gəmi daha çox yerli “Qızıl alma” və “Bayraktar TB3” zərbə PUA-ları üçün uyğunlaşdırıldı.
Hərbi ekspertin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gəminin istismara verilməsi münasibətilə keçirilən mərasimindəki çıxışında “Bayraktar TB3” zərbə PUA-larının, “Qızıl alma” insansız döyüş təyyarəsinin və “Furjet” yüngül hücum təyyarələrinin də “Anadolu” üzərindən enib-qalxa biləcəyini bəyan etdi.
Bu dəniz nəqliyyatı vasitəsi Türkiyə donanmasının ən böyük gəmisi olaraq tarixə düşdü. Hazırda gəminin 1400 nəfərədək hərbi heyəti və 100-ə yaxın texnikanı, nəqliyyat vasitəsini daşımaq imkanı mövcuddur. İstənilən halda “Anadolu” gəmisi Türkiyənin və ümumilikdə türk dünyasının böyük uğurudur. Eyni zamanda, bu Türkiyənin hərbi sənaye sahəsinin və texnoloji inkişafının daha bir parlaq göstəricisidir.
“Anadolu” gəmisinin layihələndirilməsi, onun inkişafı, hazırlanması və silahlanmaya qəbul edilməsi birmənalı olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xidmətləri ilə bağlıdır. Bu hərbi gəmi öz geniş döyüş potensialı və imkanları ilə qardaş ölkənin hərbi qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Gəminin silahlanmağa qəbul edilməsi Türkiyənin 10 min kilometrlərlə sərhədlərindən kənarda çox mühüm hərbi məqsədli vəzifələri yerinə yetirməsi üçün real imkanlar yaradacaq”, - deyə Ə.Verdiyev vurğulayıb.