İDMAN
"Turan Tovuz"un baş məşqçisi: Klub rəhbərliyi bizə inanır
Bakı, 15 dekabr, AZƏRTAC
“Builki hədəfimiz Premyer Liqada möhkəmlənməkdir. Bu gün böyük faciə baş verməyib. İnanıram ki, növbəti oyunlarda xallar qazanacağıq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov komandasının Azərbaycan Premyer Liqasının cari mövsümündəki çıxışını dəyərləndirərkən deyib.
Mütəxəssis son vaxtlar uğursuz nəticələrin qeydə alınmasının səbəbinə aydınlıq gətirib: “Yalnız nəticə baxımından uğursuzuq. Oyunumuza gəldikdə isə inkişafımız göz qabağındadır. Matçdan-matça daha yaxşı oynayırıq. Çox təəssüf ki, qol vurduğumuz halda toplar da buraxırıq. Hər oyunda fərdi və taktiki səhvlər olur. Ümid edirəm ki, bunun öhdəsindən gələcəyik. Ən əsası, komanda daxilində yüksək əhval-ruhiyyəni qoruyub saxlamaq və təslim olmamaqdır. Qələbə istəyimizi daha da gücləndirməli və səhvlərimizdən nəticə çıxarmalıyıq”.
O, klub rəhbərliyinin komandaya güvəndiyini söyləyib: “Rəhbərlik həmişə komandaya motivasiya verir və inandığını bildirir. Bu, bizim üçün çox önəmlidir. Ümumiyyətlə, çempionatın əvvəlindən oyunların gərgin keçəcəyinin fərqində idik. Özümüzü buna hazırlamışdıq. Hazırda isə durumu daha yaxşı anlaya bilirik”.
Qeyd edək ki, “Turan Tovuz” hazırda 16 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.