ABŞ 2007-Cİ MALİYYƏ İLİNDƏ AZƏRBAYCANA 28 MİLYON DOLLAR YARDIM AYIRMAQ İSTƏYİR
Sabiq Sovet İttifaqı respublikaları isə ABŞ-dan 441 milyon dollar yardım alacaqdır. Bu rəqəm son illər ərzində azalmaqda davam edir. ABŞ hökumətinin əsaslandığı budur ki, Rusiya və Qazaxıstanda neft gəlirləri hesabına artım baş vermişdir. Bu dinamika davam edəcəyi təqdirdə, 2009-cu ilədək Qazaxıstan və Ukrayna kimi dövlətlərə yardıma ehtiyac qalmayacaqdır. Rusiyada iqtisadi proqramlar isə 2006-cı ildə son dəfə olaraq maliyyələşmişdir. Bununla yanaşı, büdcə layihəsində Rusiyada və Mərkəzi Asiyada insan haqları sahəsində geriləmələrdən narahatlıq ifadə olunmuşdur.
Cənubi Qafqaz ölkələrinə gəldikdə, ABŞ yardımı öz ənənəvi nisbətini saxlamışdır. Belə ki, Prezident Buş Gürcüstana 58 milyon, Ermənistana 50 milyon, Azərbaycana isə 28 milyon dollar yardım ayrılmasını istəmişdir. Hər üç ölkədə bu vəsait əsasən, siyasi və iqtisadi islahatların dəstəklənməsinə, təsisatların inkişafına, bölgədə təhlükəsizlik səylərinin möhkəmlənməsinə sərf ediləcəkdir. Büdcə layihəsində bildirilmişdir ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan terrorla qlobal müharibədə və İraqda əməliyyatda əsas yardım göstərir, Amerika üçün strateji əhəmiyyət kəsb edir. Gürcüstan və Ermənistana aid göstərilən rəqəmlər “Minilliyin Çağırışları” layihələri çərçivəsində bu ölkələrin aldığı yardıma əlavədir. Belə ki, Gürcüstan “Minilliyin Çağırışları” proqramları çərçivəsində infrastruktur və iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi üçün 295 milyon dollar alacaqdır.
Xarici siyasət büdcəsinin daha bir əhəmiyyətli hissəsi ABŞ maraqlarına ictimai diplomatiya vasitəsilə xarici dəstəyin qazanılması üçün sərf ediləcəkdir. Bu məqsədlərə Konqresdən 351 milyon dollar istənilibdir.