ABŞ AZƏRBAYCANDA İNDİKİ PARLAMENT SEÇKİLƏRİNİ ÖTƏN SEÇKİLƏRLƏ MÜQAYİSƏDƏ İRƏLİLƏYİŞ HESAB EDİR
Dövlət Departamentinin nümayəndəsi vurğulamışdır ki, Azərbaycan hökumətinin çoxsaylı namizədləri qeydə almaq və onlara media vasitələrinə geniş çıxış yaratmaq qərarları seçki günü seçicilərə əsil seçim vermişdir. Prezident İlham Əliyevin 11 may və 25 oktyabr tarixli Sərəncamları, o cümlədən ekzit sorğuların keçirilməsi, yerli və xarici müşahidəçilər tərəfindən geniş monitorinq, təkmilləşdirilmiş seçici siyahısı, barmaqların mürəkkəblənməsi daha qaydalı və şəffaf seçkiyə imkan yaratmışdır.
Bununla yanaşı, Dövlət Departamenti ATƏT-in müşahidəçi missiyasının ilkin qiymətləndirməsində əksini tapan, ölkədəki ayrı-ayrı məntəqələrdə baş verən mənfi faktlardan narahatdır.
ABŞ Prezidenti Prezident İlham Əliyevin müvafiq tədbirlər haqqında niyyətini tanıyaraq, Azərbaycan hökumətinin qanun pozuntuları səsvermənin nəticələrinə təsir edən məntəqələrdə müvafiq addımlar atacağına ümidini ifadə etmişdir. Dövlət Departamenti Azərbaycan vətəndaşlarını seçki pozuntularına dair şikayətlərini qanun çərçivəsində, dinc yolla həll etməyə, zorakılıqdan çəkinməyə, Azərbaycan hökumətini isə sərbəst toplaşmaq azadlığını təmin etməyə və etirazçılara cavabda səbirli olmağa çağırmışdır.