ABŞ AZƏRBAYCANIN DEMOKRATİK VƏ İQTİSADİ İNKİŞAFINDA MARAQLIDIR
ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasından ötən on il ərzində ticarətin həcmi 1992-ci ildəki 700 min dollardan 2000-ci ildə 230 milyon dollara çatmışdır. ABŞ-ın Bakıdakı səfiri Ross Uilson bu barədə mətbuat konfransında məlumat verərək, dedi ki, ötən müddətdə Azərbaycana 429 milyon dollar məbləğində humanitar yardım göstərilmişdir. Səfir bildirdi ki, 1992-ci il fevralın 12-də ABŞ-ın dövlət katibi Ceyms Beykerin Bakıya gəlməsi- bu ölkənin dövlət xadiminin müstəqil Azərbaycana ilk səfəri, onun ölkə rəhbərləri ilə keçirdiyi görüşlər dövlətlərimiz arasında diplomatik əlaqələrin bərqərar olması prosesinin əsası oldu. Bu proses 1992-ci il fevralın 28-də başa çatdı və martın 17-də Bakıda ABŞ səfirliyi açıldı. İlk vaxtlar bu səfirliyin cəmi 5 əməkdaşı var idi, indi isə 54 nəfərdir.
Hazırda ABŞ-ın Azərbaycanla əməkdaşlığı bir neçə istiqamətdə həyata keçirilir: terrorizmlə birgə mübarizə, sərhəd qoşunlarının modernləşdirilməsi və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üzrə səylərin əlaqələndirilməsi, ticarət və Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olmasına hazırlıq, humanitar sahələr. ABŞ, eyni zamanda, Azərbaycanda demokratik təsisatların gücləndirilməsində, iqtisadi islahatların sürətləndirilməsində maraqlıdır. Hazırda Azərbaycanda ABŞ-ın 75 şirkəti fəaliyyət göstərir. Onlar, əsasən, neft-qaz sektoru, energetika, kommunikasiya və mehmanxana təsərrüfatı sahələrində işləyirlər.
Təhsil sahəsində də fəal əməkdaşlıq gedir. 10 il ərzində Azərbaycanın 2000 məktəblisi və tələbəsi müxtəlif qısamüddətli və uzunmüddətli proqramlar çərçivəsində Amerikada olmuşdur. Hazırda məktəblilər üçün “Gələcək liderlərin hazırlanması” proqramı həyata keçirilir. Ali məktəblərin məzunları və professor-müəllim heyəti üçün də xüsusi proqramlar vardır.
Səfir, hərbi sahədə əməkdaşlıq məsələsinə toxunaraq bildirdi ki, Azərbaycan ordusunun modernləşdirilməsi və onun NATO standartlarına uyğunlaşdırılması işində yardım göstərilməsi imkanları öyrənmək məqsədi ilə müdafiə nazirliyində danışıqlar aparmaq üçün Amerikanın bir qrup hərbi mütəxəssisi bu yaxınlarda Azərbaycana gələcəkdir.
Azərbaycan hökumətinin müraciətinə cavab olaraq, mart ayında “Sülh korpusu” təşkilatının bir qrup nümayəndəsinin səfəri də gözlənilir.