ABŞ-da Azərbaycan Güləş Federasiyası ilə əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 7 aprel, AZƏRTAC
ABŞ-ın Ayova ştatında təşkil olunacaq sərbəst güləş üzrə dünya kuboku yarışlarında iştirak üçün bu ölkədə səfərdə olan Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti Firdovsi Umudov, baş katib Orxan Məmmədov və AGF-in beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Qurbanov bir sıra görüşlər keçiriblər.
AZƏRTAC xəbər verir ki, Olimpiya Oyunlarının bürünc medalçısı və ikiqat dünya çempionu Terri Brandsın dünya kubokunda iştirak edən komandaların üzvlərinin şərəfinə təşkil etdiyi ziyafət çərçivəsində AGF nümayəndə heyəti Dünya Güləş Birliyinin (DGB) İdarə Heyətinin üzvü, Braziliya Güləş Federasiyasının prezidenti Pedro Qama Filho, ABŞ Güləş Federasiyasının icraçı direktoru Riç Bender, Ayova şəhər şurasının sədri Coşua Şamberger ilə görüşüb.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib, Azərbaycan güləşçilərinin nailiyyətlərindən söz açılıb. Azərbaycan Güləş Federasiyasının dünyada güləşin inkişafında və təbliğindəki fəaliyyətini yüksək qiymətləndirən DGB və ABŞ rəsmiləri dünya kubokunda komandamıza uğurlar arzulayıb.
Öz növbəsində AGF-in birinci vitse-prezidenti Firdovsi Umudov ABŞ nümayəndələrinə yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkür edib. Federasiyalar arasındakı əlaqələrdən məmnunluğunu bildirən Firdovsi Umudov qarşılıqlı münasibətlərin gələcəkdə də yüksək səviyyədə davam edəcəyinə əminliyini bildirib.