ABŞ-dakı erməni lobbisi Azərbaycan səfirinin Konqresin üzvlərinə göndərdiyi məktubdan narahatdır
Vaşinqton, 2 oktyabr, AZƏRTAC
ABŞ-da radikal erməni təşkilatlarından olan Amerikanın Erməni Milli Komitəsi (ANCA) Azərbaycan Respublikasının bu ölkədəki səfiri Elin Süleymanov tərəfindən ABŞ Konqresinin üzvlərinə göndərilmiş məktubdan narahatlığını bildirib.
ANCA əldə etdiyi məktubu öz Tvitter hesabında ictimailəşdirib və Azərbaycan səfirliyi tərəfindən Konqresin diqqətinə çatdırılan fikirlərlə bağlı absurd şərh verib. (https://twitter.com/ANCA_DC/status/1311728026833559558).
Azərbaycan səfirinin məktubunda guya “Türkiyənin Azərbaycan tərəfdə döyüşlərdə iştirak etdiyi” və “Azərbaycana muzdlular göndərdiyi” barədə son zamanlar yayılan əsassız iddialar bir daha rədd edilir, Ermənistanın təcavüzkar siyasəti və hərəkəti ifşa olunur. Konqres tərəfindən Ermənistana təzyiqlər göstərilməsi məktubda öz əksini tapıb.
Digər erməni təşkilatlarından olan Amerikanın Erməni Assambleyası (AAA) da Senatorlar Marko Rubio, Ceyms Riş, Rob Portman və Ron Conson tərəfindən Ermənistanın son təcavüzü ilə bağlı verdiyi son bəyanatdan narazılığını diqqətə çatdırıb və Tvitter vasitəsilə senatorları tənqid edib. (https://twitter.com/ARAMAC_DC/status/1311731099274444800).
Maraqlıdır ki, səfirin məktubunu yaymaqla erməni lobbisi faktiki olaraq Azərbaycanın mövqeyini təbliğ edir.
AZƏRTAC-ın Vaşinqton bürosu
Vaşinqton