ABŞ DÖVLƏT KATİBİ MÜAVİNİNİN KÖMƏKÇİSİ DEVİD KREYMERİN ÇIXIŞI
-Hörmətli Prezident Əliyev!
Bugünkü görüşün xeyirxah ev sahibi kimi Sizə və Azərbaycan hökumətinə olduqca minnətdaram. 2006-cı ildə Kiyev sammitində olduğu kimi, 2007-ci ildə də GUAM-ın zirvə görüşündə Birləşmiş Ştatları təmsil etməkdən məmnunam və şərəf hissi duyuram.
Yarandığı gündən GUAM-ı dəstəkləmiş Birləşmiş Ştatlar üçün GUAM-ın inkişaf etmiş təşkilata çevrilməsini və burada, masa arxasında bu qədər sayda ölkələrin olmasını görmək çox əlamətdardır.
İcazə verin, Birləşmiş Ştatların Prezidenti Corc Buşun təbriklərini və ən xoş arzularını Sizə çatdırım və dövlət katibi xanım Kondoliza Raysın məktubunu oxuyum:
“Zati-aliləri, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın 2007-ci ildəki zirvə görüşündə iştirak etmək məqsədi ilə Bakıya toplaşanlara salamlarımı çatdırıram.
GUAM müsbət və maraqlı dəyişikliklər keçməkdədir. Sadəcə, bir il bundan əvvəl regional təşkilat olan GUAM tamhüquqlu beynəlxalq təşkilata çevrilməkdədir. Bu il GUAM-ın birinci baş katibi Valeri Çeçelaşvili bu vəzifəyə təyin olundu və onun katibliyi artıq fəaliyyətə başlayıbdır. Bu cür mühüm addım gələn illər ərzində daha böyük nailiyyətlər əldə etməyə imkan yaradacaqdır.
ABŞ-GUAM Çərçivə proqramı əsasında Birləşmiş Ştatlar və GUAM ticarət və nəqliyyat, regional hüquq mühafizə sahələrində əməkdaşlığı genişləndirirlər. Biz demokratiyanı, iqtisadi inkişafı və regional əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə GUAM-ın katibliyi vasitəsilə bu tərəfdaşlığın inkişafını davam etdirməliyik.
Mən sədrliyi dövründə həmin nailiyyətlərin əldə edilməsində göstərdiyi rəhbərliyinə görə Ukrayna hökumətinə təbriklərimi çatdırıram. Biz Azərbaycan hökumətinin GUAM-da sədrliyini üzərinə götürdüyü bir vaxtda onunla əlavə uğurlar əldə etməyi ürəkdən arzulayırıq.
Ən xoş arzularla, GUAM-ın 2007-ci ildəki zirvə görüşünün uğurlu olmasını diləyərək, səmimiyyətlə,
Kondoliza Rays”.
X X X
İLHAM ƏLİYEV: Cənab Kreymer, sağ olun. Xahiş edirəm, bu cür xoş məktuba görə xanım dövlət katibinə ümumi minnətdarlığımızı çatdırasınız. Bu, bizim üçün və təşkilatımız üçün çox vacibdir. Biz GUAM-ABŞ formatında güclü tərəfdaşlığın davam etdirilməsini ürəkdən arzulayırıq.
İndi isə sözü GUAM-ın baş katibi Valeri Çeçelaşviliyə vermək istəyirəm.