ABŞ DÖVLƏT KATİBİNİN AVROPA VƏ AVRASİYA MƏSƏLƏLƏRİ ÜZRƏ MÜAVİNİNİN MƏTBUAT KONFRANSI
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən birbaşa buraya gəldiyini bildirən Deniel Frid, dövlət başçısı ilə söhbətlərinin işgüzar şəraitdə keçdiyini, qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə edildiyini, xüsusilə noyabrın 6-da Milli Məclisə seçkilərin azad, ədalətli keçirilməsi üçün görülən tədbirlərin, qəbul edilən sənədlərin əhəmiyyətli olacağına inandığını dedi. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Mİnsk qrupu çərçivəsində sülh, danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu, Azərbaycanın antiterror əməliyyatlarına verdiyi dəstəyi, bir sıra beynəlxalq enerji layihələrinin reallaşmasında dövlətimizin siyasi rəhbərliyinin qətiyyətini yüksək qiymətləndirdi. Cənubi Qafqaz ölkələrinə səfərinin, burada keçirdiyi görüşlərin ABŞ-ın regiondakı siyasətinin bundan sonra daha çevik, səmərəli qurulacağına kömək edəcəyini bildirən diplomat ABŞ-ın Azərbaycanla əlaqələrinin uğurla davam etdiyini və gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini söylədi. Xüsusi vurğuladı ki, jurnalistlərin onu MDB ölkələrində baş verən “rəngli inqilablar”ın müəllifi hesab etməsinə baxmayaraq, o, Azərbaycanda demokratiyaya keçid prosesinin islahatlar vasitəsilə getməsinin tərəfdarıdır, çünki inqilablar uğursuzluqlar nəticəsində baş verir.
Sonra diplomat jurnalistləri maraqlandıran suallara cavab verdi.