ABŞ EKSPERTLƏRİ ŞİMALİ KOREYANIN NÜVƏ POTENSİALINI MÜƏYYƏNLƏŞDİRMİŞLƏR
Məruzə Şimali Koreyanın Yenbyöndəki nüvə reaktorunda baş verən hadisələri izləyən ABŞ-ın kəşfiyyat peykindən alınan məlumatın, habelə KİV-lərin xəbərlərinin və KXDR hökumətinin bəyanatlarının təhlilinə əsaslanır.
Məruzədə deyilir ki, Pxenyan Corc Buşun hakimiyyətə başlaması ərəfəsində uzağı üç raket üçün, cari ilin ortalarınadək 4-dən 13-dək raket üçün plutoniuma malik idi. Ekspertlərin proqnozlarına görə, 2009-cu ilədək Şimali Koreyanın nüvə potensialı 7-dən 19-dək raket üçün kifayət edə bilər. Bundan başqa, məruzə müəlliflərinin fikrincə, bir neçə il ərzində Pxenyan xaricə satmaq üçün də kifayət edəcək miqdarda silah plutoniumu istehsal edə bilər.
ABŞ siyasətçiləri və ekspertlərinin KXDR-in nüvə proqramına marağının artması onunla bağlıdır ki, Pxenyan uzaqmənzilli “Taepodonq-2” ballistik raketini sınaqdan çıxarmağa hazırlaşır. Bununla əlaqədar ABŞ Müdafiə Nazirliyi bəyan etmişdir ki, potensial raket zərbəsindən müdafiə üçün Yaponiyada “Pətriot” zenit-raket kompleksləri yerləşdirmək niyyətindədir.