ABŞ-ın “Agranco” korporasiyasının nümayəndəsi “Ekol Mühəndislik Xidmətləri” QSC-də olmuşdur
Bakı, 8 mart (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) fəaliyyət sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsi və neftşlamın emalı istiqamətində qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün nanotexnologiyaların axtarışını davam etdirir. Bununla əlaqədar QSC-də dünyanın qabaqcıl ölkələrində fəaliyyət göstərən müvafiq şirkətlərin nümayəndələri ilə görüşlər keçirilir.
AZƏRTAC xəbər verir ki, növbəti görüş ABŞ-ın “Agranco” korporasiyasının nümayəndəsi ilə keçirilmişdir.
Görüşdə QSC-nin baş direktoru Ramil Əliyev, “Azneft” İstehsalat Birliyinin, Ekologiya İdarəsinin əlaqədar departament və şöbə rəisləri, həmçinin “Agranco” korporasiyasının Azərbaycanda rəsmi nümayəndəsi Sadiq Qasımlı iştirak etmişlər.
R.Əliyev görüşün məqsədi barədə qonaqlara məlumat vermişdir.
Sonra “Agranco” korporasiyasının nümayəndəsi təmsil etdiyi şirkətin istehsalı olan “Oksidol” bioregeneratoru təqdim etmişdir. Bildirmişdir ki, “Oksidel” faydalı probiotik-bakteriyaların, fermentlərin və üzvi katalizatorların qarışığıdır. Bu məhsul neft tullantıları ilə çirklənmiş torpaqların, göllərin, tutumların və maye tullantılarının təmizlənməsi üçün tətbiq edilir. Neft çirklənməsi ilə təması nəticəsində neft karbohidratları probiotik-bakteriyalar tərəfindən mənimsənilir və təmiz suya, karbonat turşusuna və ətraf mühit üçün zərərsiz olan mikrob metabolizmi məhsullarına çevrilir.
Sonda çoxillik və dərin gölməçələrdə yığılıb qalmış neftşlamının bu üsulla təmizlənməsinin mümkünlüyü barədə fikir mübadiləsi aparılmışdır.