ABŞ VƏ BÖYÜK BRİTANİYADAN OLAN MÜŞAHİDƏÇİLƏR AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİNİ LEGİTİM SAYMIŞLAR
Ekspertlər müşahidəçilərin yerlərdə topladıqları informasiyanı ümumiləşdirərək belə qənaətə gəlmişlər ki, seçkilərin qanunvericilik bazası bütövlükdə beynəlxalq demokratik standartlara cavab verir, hər hansı vətəndaş qruplarının, yaxud sosial bölmələrin siyasi, etnik və ya başqa prinsiplərlə seçilməsini inkar edir.
Ekspertlərin fikrincə, seçkilərin təşkili kifayət qədər yüksək qiymətə layiqdir. Demək olar, bütün məntəqələrdə yüksək səviyyəli şəffaflıq əldə olunmuş, müxtəlif siyasi qüvvələrin müşahidəçiləri arasında bir-birinə və seçki komissiyalarının üzvlərinə münasibətdə dözümlülük nümayiş etdirilmişdir. Burada mehriban münasibət və beynəlxalq müşahidəçilərlə əməkdaşlığa çalışmaq, vətəndaşların seçkilərdə fəal iştirakı xüsusi vurğulanır. Bildirilir ki, həm iqtidar, həm də müxalifət tərəfindən səsvermənin gedişinə müdaxilə etmək cəhdləri, qanunsuz təzyiq göstərmək halları qeydə alınmamışdır.
Seçkiqabağı təbliğat gedişində söz azadlığı prinsipinə kifayət qədər əməl olunmuşdur. Ekspertlərin məntəqələrdə qeydə aldıqları təşkilati xarakterli pozuntu halları, məntəqə seçki komissiyalarının yol verdikləri texniki qüsurlar əhalinin siyasi fəallığı ilə kifayər qədər tarazlaşdırılmışdır. Bəyanatda deyilir: “Qeydə alınan heç bir hal seçki prosesini, yaxud bütövlükdə seçkilərin nəticələrinə şübhə doğura biləcək səviyyədə olmamışdır”.