“Abşeron Botanik” xarici ölkələrin çiçək və bitkilərini yerli şəraitə uyğunlaşdırır
Bakı, 14 mart, AZƏRTAC
Bu gün Azərbaycanın yaşayış məskənləri yaşıllaşdırılır. Bakının isə hər yerində parklar, bağlar salınır, küçə və prospektlərin ətrafları yaşıllaşdırılır, yolların kənarlarında, məhəllələrdə həmişəyaşıl ağaclar əkilir, bəzək bitkiləri becərilir. Gözümüzü oxşayan gül-çiçəklərin, ağac və kolların demək olar ki, əksəriyyəti xarici ölkələrdən gətirilir. “Abşeron Botanik” bu tələbatı nəzərə alaraq ölkəmizdə həm xarici, həm də yerli məhsulların yetişdirilməsi ilə məşğuldur.
Bunları Bakı Expo Mərkəzində təşkil edilən “Beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisi”nin (AfuExpo) azsaylı yerli iştirakçılarından olan “Abşeron Botanik” şirkətinin direktoru Akif Əliyev AZƏRTAC-a müsahibəsində deyib.
A.Əliyev bildirib ki, sərgidə 150 şirkətin məhsulu nümayiş olunur: “Onların arasında bizim pavilyon daha zəngindir. Çünki biz yerli və xarici məhsulları birgə sərgiləmişik. Həm də onların uzunömürlü olmaları üçün necə becərilməsini biz artıq sınaqdan keçirmişik”.
Şirkətin yarandığı az vaxtda baxmayaraq xeyli iş gördüklərini vurğulayan direktor xatırladıb ki, Abşeron rayonunda 2 hektar torpaq sahələri var. Orada istixanalar qurulub və İtaliya, Hollandiya və Kanadadan gətirilmiş toxumlar becərilir. Böyüməkdə olan çiçək və bitkiləri yerli şəraitə uyğunlaşdıraraq satırıq.