Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Xırdalan, 20 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 32-ci ildönümü dərin ehtiramla yad edilib.
Xırdalan səhərinin mərkəzində şəhidlərin xatirəsinə inşa edilmiş “Şəhidlər” abidə kompleksinin qarşısında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyəti iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.
Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.
Rayon rəhbərliyi və tədbir iştirakçıları “Şəhidlər” abidə kompleksini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.