ADA Universitetində iqlim keçidində ali təhsilin rolu müzakirə olunur
Bakı, 3 oktyabr, AZƏRTAC
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində oktyabrın 3-də ADA Universitetində “İqlim keçidində ali təhsilin rolu” mövzusunda tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə təhsil və iqlim dəyişikliyi məsələlərinin birgə müzakirə edilməsinin aktual olduğunu söyləyib: “Biz bir ildən çoxdur ki, bu mövzuda müzakirələr aparırıq və ortaq nəticəyə gəlmişik ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə universitetlərin rolu son dərəcə önəmlidir. Təhsil, tədqiqat, gənclərin fəallığı olmadan bu prosesdə irəliləyişə nail olmaq çətindir. Ona görə də biz universitetləri, təhsil liderlərini və gəncləri bir araya gətirməklə səylərin birləşdirilməsini vacib hesab edirik”.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında gənclərin iqlim problemlərinə həssas yanaşmasının və yeni təşəbbüslərlə çıxış etməsinin əhəmiyyətini vurğulayıb: “Təhsil sistemi cəmiyyətin dayanıqlı inkişafı üçün mühüm alətdir. Məktəblərdə və universitetlərdə ekoloji mövzulara dair proqramların genişləndirilməsi, yeni alətlərin hazırlanması və gənclərin təşəbbüslərinin dəstəklənməsi gələcəkdə iqlimlə bağlı çağırışların həllinə töhfə verəcək. Bu sahədə təcrübə mübadiləsi və innovativ yanaşmalar xüsusi önəm daşıyır”.
Nazir müavini, həmçinin qeyd edib ki, ali təhsilin iqlim dəyişikliyi ilə mübarizədə rolu yalnız nəzəri biliklərlə məhdudlaşmır, praktiki bacarıqların və yeni texnologiyaların tətbiqini də tələb edir.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, Bakı belə bir həftəni ikinci dəfə təşkil edir və bu, dünyanın qabaqcıl təcrübələri ilə müqayisə olunacaq səviyyəyə çatıb: “İqlim Fəaliyyəti Həftəsi qlobal miqyasda formalaşmış uğurlu bir platformadır. Burada dövlət strukturları ilə yanaşı qeyri-hökumət təşkilatları, özəl qurumlar, universitetlər və gənclər bir araya gəlir. Biz bu tədbiri London İqlim Həftəsinin təşkilatçıları ilə birgə reallaşdırırıq və bu, beynəlxalq əməkdaşlıq baxımından çox önəmlidir”.
Onun sözlərinə görə, həftə ərzində müxtəlif sahələri əhatə edən çoxsaylı görüşlər, panel müzakirələri və forumlar keçirilib: “Əməkdaşlarımızın iştirakı ilə 39-dan çox komanda fəaliyyət göstərdi. Gənclər forumu da xüsusi diqqət çəkdi. Burada tələbələr, startapçılar, həm yerli, həm də xarici universitetlərin nümayəndələri iştirak etdilər. Onların ideyaları iqlimlə bağlı yeni təşəbbüslərin əsasını qoydu”.
Muxtar Babayev çıxışında, həmçinin Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı aparılan müşahidələrə toxunaraq bildirib ki, bu məsələ region üçün strateji əhəmiyyət daşıyır: “1970-ci illərdən bu günə qədər müşahidələr göstərir ki, dəniz səviyyəsində ciddi enmələr qeydə alınıb. Bu, sahilboyu yaşayış məntəqələri, infrastruktur və iqtisadiyyat üçün real çağırışdır. Ona görə də təhsil sisteminə bu mövzuların daxil edilməsi, gənclərin məlumatlandırılması və yeni elmi yanaşmaların tətbiqi vacibdir”.
COP29-un Prezidenti vurğulayıb ki, iqlim mövzusunda gənclərin iştirakı və onların biliklərinin artırılması gələcək nəsillərin dayanıqlı inkişafı üçün əsas şərtdir.
Tədbirdə iqlim dəyişikliklərinə qarşı mübarizədə təhsilin imkanları, gənclərin iştirakı və universitetlərarası əməkdaşlıq perspektivləri müzakirə olunur.