SİYASƏT
ADA Universitetində NATO SPS proqramı barədə “Məlumatlandırma günü” keçirilib YENİLƏNİB
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və NATO-nun İnnovasiya, Hibrid və Kiberməsələlər üzrə bölməsinin birgə təşkilatçılığı ilə ADA Universitetində NATO Sülh və Təhlükəsizlik naminə Elm proqramı (Science for Peace and Security-SPS) barədə “Məlumatlandırma günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə NATO Baş katibinin İnnovasiya, Hibrid və Kiber üzrə köməkçisinin müavini Ceyms Appaturay virtual qaydada, o cümlədən NATO SPS proqramının əməkdaşları, ölkəmizdən isə NATO ilə əməkdaşlıq üzrə aidiyyəti dövlət qurumları, həmçinin Elm və Təhsil Nazirliyinin nəzdində əlaqədar institutların nümayəndələri iştirak ediblər.
Tədbir zamanı SPS proqramı, onun prioritetləri, həmçinin Azərbaycan və NATO arasında praktiki əməkdaşlığa dair həyata keçirilmiş və cari layihələrə aid geniş təqdimatlar nümayiş etdirilib. Bundan əlavə, meydana gələn təhlükəsizlik problemlərinin həllində elmin və texnologiyanın rolu barədə müzakirələr aparılıb.