ADA və Bolonya universitetlərinin nümayəndələri Qida Təhlükəsizliyi Agentliyində olublar
Bakı, 1 may, AZƏRTAC
ADA və Bolonya universitetlərinin nümayəndələri Qida Təhlükəsizliyi Agentliyində olublar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qurumun fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə onlara ətraflı məlumat verilib.
Daha sonra agentlik əməkdaşları ADA Universitetinin nümayəndələri və bu təhsil müəssisəsində təlim keçmək üçün İtaliyanın Bolonya Universitetindən ölkəmizə səfərə gələn professor-müəllim heyəti tərəfindən “Qida itkisi və qida tullantılarının azaldılması” mövzusunda keçirilən təlimdə iştirak ediblər. Təlimdə qida itkisi və tullantılarının artmasının başlıca səbəbləri, onların qarşısının alınması istiqamətində Avropa İttifaqı, o cümlədən İtaliya və dünyanın digər ölkələrində aparılan qabaqcıl tədbirlər haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
İnteraktiv formada təşkil olunan təlim zamanı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.