ADAU-da ətraf mühitlə bağlı təlim keçirilib
Bakı, 3 fevral, AZƏRTAC
Fevralın 2-3-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, ADAU və Gəncə Aqrobiznes Assosiasiyasının təşkilati dəstəyi ilə keçirilən “İllustrasiya və fəaliyyətlər yolu ilə gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində onların bilik və bacarığının formalaşdırılması” layihəsi çərçivəsində “Ətraf mühitlə davranış və ekoloji problemlərin həllində antropogen təsir” mövzusunda ilk təlim təşkil olunub.
ADAU-dan AZƏRTAC-a bildiriblər ki, Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi olan layihənin həyata keçirilməsində əsas məqsəd Gəncə şəhərində gənclərin ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək və təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.
Layihə rəhbəri Cəfər Cəfərov təlimdən əvvəl çıxış edərək gənclərə göstərdiyi dəstəyə görə Gənclər Fonduna minnətdarlığını bildirib. O, layihənin əsas məqsəd və hədəflərindən söz açıb. Təlimin məhz Gənclər Günündə keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdırıb.
Aqrobiznes və idarəetmə fakültəsinin dekanı Əlövsət Əsgərov belə layihələrin gənclər üçün önəmini vurğulayıb. O, təlimin gedişinə uğurlar arzu edib.
Sonra təlimçi Fərrux Rəhimovun təqdimatında müvafiq mövzuda ilk təlim keçirilib. Təlimin mövzusu iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təlimdə ümumilikdə 50 gəncdən ibarət kontingent formalaşdırılıb. Qarşılıqlı diskussiya şəklində keçən təlimdə ətraf mühitin əhəmiyyəti, insanların ona olan rəğbəti, ekoloji problemlərin həllində antropogen təsirlə bağlı maraqlı faktlar diqqətə çatdırılıb.
Təlimin sonunda fərqlənən gənclərdən ibarət “EKO KLUB” yaradılıb. Yaradılmış klubun məqsədi layihənin davamlılığı üçün ətraf mühit problemlərinin dəyirmi masa ətrafında mütəmadi olaraq müzakirə edilməsidir.