ADİU-da Memorial-Xatirə Kompleksinin açılışı olub
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə şəhidlərimizin xatirəsini əbədiləşdirən Memorial-Xatirə Kompleksinin açılışı olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Memorial-Xatirə Kompleksində ADİU-nun şəhid olmuş on üç tələbə və məzununun şəkli əks olunub.
Əvvəlcə Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADİU-nun rektoru, professor Ədalət Muradov 20 Yanvarın xalqımızın tarixinə sınaq, qəhrəmanlıq və inam günü kimi yazıldığını bildirib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev bütün təhlükələrə baxmayaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Qorbaçov hakimiyyətinin törətdiyi cinayəti ifşa edib və kəskin etirazını bildirib. Məhz Ümummilli Liderin rəhbərliyi ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul edərək yanvar hadisələrinə ilk siyasi qiyməti verib.
Şəhidlərin ailə üzvləri də onların keçdiyi həyat yolundan danışıb, xatirələrini bölüşüblər. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının qanla yazılan şərəfli tarix olduğunu bildirərək, dövlətin şəhidlərin ailələrinə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndiriblər.