ADPU əcnəbi tələbələr üçün qəbul elan edir – hazırlıq, bakalavriat, magistratura
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2026/2027-ci tədris ili üzrə hazırlıq sinifləri, bakalavriat və magistratura proqramlarına qəbul olmaq istəyən əcnəbi vətəndaşlar üçün müraciətlərin qəbuluna başlayıb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, müraciətlər Elm və Təhsil Nazirliyinin www.portal.edu.az portalı vasitəsilə həyata keçirilir.
Hazırlıq siniflərinə iyulun 1-dən sentyabrın 15-dək, bakalavriat və magistratura proqramlarına qəbul üçün isə iyulun 1-dən sentyabrın 10-dək qəbul edilir.
Bakalavriat və magistratura proqramları, qəbul qaydaları və digər əlaqədar məsələlər barədə ətraflı məlumatı ADPU-nun rəsmi səhifəsində yerləşdirilən müvafiq bölmədən əldə etmək mümkündür.
Qəbul qaydalarına əsasən, Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşamaq icazəsinə malik əcnəbi vətəndaşlar ADPU-ya yalnız Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında qəbul edilə bilərlər.
Bundan əlavə, ikili vətəndaşlığı olan şəxslərin universitetə əcnəbi vətəndaş statusunda müraciət etmələrinə icazə verilmir. Onlar da yalnız Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının nəticələri əsasında ali təhsil müəssisəsinə qəbul oluna bilərlər.
ADPU-da təhsil almaq istəyən əcnəbi vətəndaşlar hazırlıq, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə Müsahibə Komissiyasının təşkil etdiyi müsahibədə iştirak etməlidirlər. Müsahibə zamanı namizədlərin dünyagörüşü, qabiliyyəti, ümumi mədəniyyət səviyyəsi və dil bilikləri qiymətləndirilir.
Müsahibədən uğurla keçən namizədlər seçdikləri ixtisas üzrə ADPU-nun müvafiq təhsil səviyyəsində təhsil almaq hüququ qazanırlar.