ADPU-nun müəllimləri reytinqlərini yüksəldiblər
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
İclasda çıxış edən ADPU-nun rektoru, Elmi şuranın sədri professor Cəfər Cəfərov bildirib ki, universitetdə son aylarda institusional akkreditasiya prosesi icra olunub, bir çox beynəlxalq və yerli elmi konfrans və seminarlar, təlimlər keçirilib, ikitərəfli sazişlər və mübadilə proqramları üzrə akademik və tələbə heyəti mübadilələri aparılıb.
Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov “ADPU-da professor-müəllim heyətinin 2022-ci ildə fəaliyyətinin reytinq qiymətləndirilməsinin yekunları” mövzusunda hesabatı təqdim edib. Təqdimatda qeyd olunub ki, 2022-ci il üzrə reytinq qiymətləndirilməsində ümumilikdə 1185 nəfər müəllim iştirak edib. Onlardan 735 nəfəri ADPU-nun, 450 nəfəri isə filiallar və kollecin payına düşür.
Aparılmış təhlillərə əsasən, universitetin və müvafiq strukturların nəticələrində ötən illərə nisbətən artım dinamikası müşahidə olunur. Əgər 2021-ci ildə 32 faizdən çox iştirakçı, əsasən 30-100 bal arasında nəticə əldə edibsə, 2022-ci ildə bu göstərici 15 faizə düşüb, əksinə 300-500 bal toplayan iştirakçılarda əsaslı artım olaraq, müvafiq şəkildə, 8 faizdən 20 faizə qədər artıb. Eyni zamanda, 500-dən yuxarı bal toplayan iştirakçılar arasında artım müşahidə olunur.
İki ilin müqayisəsinə görə iştirakçıların 83 faizi, 3 ilin müqayisəsinə görə isə 63 faizi reytinq balını artırıb. Ötən il 32 faiz müəllim nəticələrini 100-300 bal, 14 faiz isə 300-500 bal artırıb. Əgər 2021-ci ildə 45 faiz iştirakçının nəticəsi 100 baldan aşağı idisə, 2022-ci ildə bu göstərici 20 faizdən azdır.
Ötən il ərzində 55 müəllif və həmmüəllifin 92 məqaləsi “Web of science” və “Scopus” bazalarında indekslənən impakt faktorlu jurnallarda, 386 müəllif və həmmüəllifin 872 məqaləsi digər nüfuzlu jurnallarda yer alıb.
Sonra müzakirələr aparılıb.
Rektor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor Asəf Zamanov, tədris işləri üzrə prorektor Eldar Aslanov, Tədris departamentinin müdiri Sənan Əliyev, Quba filialının direktoru Yusif Alıyev, Cəlilabad filialının direktoru Xudayar Sultanlı və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru İsrayıl İsgəndərov təhsilin inkişafı ilə bağlı fikirlərini bildirib, təkliflər irəli sürüblər.