AFAD-ın nümayəndələri Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarına təlim keçiblər
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 6-dan 10-dək Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və Türkiyənin MDSOFT şirkətinin nümayəndə heyətləri Azərbaycanda səfərdə olublar. Professor Bahadır Aktuğun rəhbərlik etdiyi AFAD-ın nümayəndə heyətində AFAD-ın Zəlzələ Departamentinin şöbə müdiri Vedat Özsarac, departamentin əməkdaşları Derya Aksel, Doruk Şentürk, Engin Çoruh, Kadır Yıldız, Okan Şahbaz təmsil olunublar.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı AFAD-ın Zəlzələ Departamenti və Respublika Seysmoloji Xidmət Mərkəzi arasında əldə olunmuş Razılaşma Protokolu çərçivəsində Azərbaycanda yeni quraşdırılmış 22 ədəd seysmik stansiyalardan olan məlumatların emalı və analizi məqsədilə Türkiyədə hazırlanmış proqramların RSXM-də tətbiqi ilə bağlı Zəlzələ ocaqlarının dinamikası və geodinamika şöbəsinin əməkdaşlarına təlim keçirilib.
Həmçinin professor Bahadır Aktuğ tərəfindən GPS məlumatlarının analizi üçün tərtib olunan yeni proqramlar Geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov ilə müzakirə edilib.