AFFA-NIN HESABAT-SEÇKİ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 28-də AFFA-nın inzibati binasında assosiasiyanın hesabat-seçki konfransı keçirilmişdir. Konfransda səsvermə hüququ olan 30 nümayəndə iştirak etmişdir.
AFFA-nın baş katibi Elxan Məmmədov gündəlikdə olan məsələlər barədə geniş məlumat verərək, görülmüş işləri təhlil etmiş və qarşıda duran vəzifələrdən danışmışdır.
Konfransda AFFA-nın 2007-ci ilin maliyyə hesabatı və 2008-ci ilin büdcə layihəsi ilə bağlı məruzə dinlənilmişdir.
Məruzələr başa çatdıqdan sonra İcraiyyə Komitəsi üzvlərinin seçilməsi müzakirəyə çıxarılmışdır.
Bildirilmişdir ki, AFFA-nın yeni nizamnaməsinə uyğun olaraq, İcraiyyə Komitəsinə 10 üzv - 4-ü Peşəkar Futbol Liqasından (“Neftçi”, “Turan”, “Qarabağ”, “Bakı”, “İnter”, “Gənclərbirliyi”, “Karvan”, “Xəzər-Lənkəran”, “Olimpik”, “Simurq”), 2-si Regional Futbol Federasiyalarından, 2-si Sahə Futbol Federasiyalarından, 2-si isə İctimai Futbol Təşkilatlarından seçiləcəkdir.
FİFA və UEFA rəhbərliyinin tövsiyələrinə uyğun olaraq, AFFA-nın prezidenti seçkilərində olduğu kimi, bu dəfə də seçkilər mövcud nizamnaməyə əsasən və hazırkı üzvlər arasında keçirilmişdir.
Nəticələrə görə, Peşəkar Futbol Liqasından Rauf Əliyev, Hafiz Məmmədov, Ələkbər Məmmədov, Kazbek Tuayev, Regional Futbol Federasiyalarından Cahangir Hacıyev, Elmar Qasımov, Sahə Futbol Təşkilatlarından Mahir Məmmədov, Mirkamil Rəhimov, İctimai Futbol Təşkilatlarından Elşad Nəsirov və İskəndər Cavadov İcraiyyə Komitəsinə üzv seçilmişlər.
Seçkinin nəticələri elan olunduqdan sonra AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzuladı.
Sonra yeni seçilən İcraiyyə Komitəsinin ilk iclası keçirilmişdir. AFFA prezidenti Rövnəq Abdullayevin təklifi və İcraiyyə Komitəsi üzvlərinin yekdil səsi ilə Rauf Əliyev assosiasiyanın I vitse-prezidenti, Elşad Nəsirov isə vitse-prezident seçilmişdir.
######
