AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib
Bakı, 1 may, AZƏRTAC
Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC Peşəkar Futbol Federasiyasına istinadla xəbər verir ki, iclasda Topaz Premyer Liqasının 26-cı turunda və Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin ilk oyunlarında baş vermiş bir neçə qayda pozuntusuna görə, cərimələr tətbiq olunub.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ”-“Qarabağ” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Sumqayıt”-“Zirə” matçı başa çatdıqdan sonra Sumqayıt təmsilçisinin mühafizəçisi meydana daxil olduğuna görə kluba ciddi xəbərdarlıq olunub.
Topaz Premyer Liqasının XXVI turunun “Sabah”-“Keşlə” matçında keşləlilərin beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. Oyun başa çatdıqdan sonra “Keşlə” klubunun futbolçusu Edvinas Girdvainis stadionun koridorunun pəncərəsini əli ilə sındırıb. Stadiona dəymiş ziyan “Sabah” klubunun təqdim edəcəyi hesabat əsasında “Keşlə” klubu tərəfindən ödəniləcək.
“Zirə”-“Qarabağ” matçında meydan sahiblərinin dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
“Səbail”-“Qəbələ” matçında Bakı klubunun dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnəcək.