Afrika İnkişaf Bankının nümayəndəsi: Görüləcək işlər çoxdur
Bakı, 22 may, AZƏRTAC
Afrika İnkişaf Bankı uzun illərdir şəhərlərlə işləyir. Lakin son 10 ildə biz şəhərlərlə birbaşa əməkdaşlığa başlayaraq onları dəstəkləyirik. Çünki şəhərlər həm gördüyümüz problemlərin, həm də həll yollarının çox mühüm hissəsidir.
AZƏRTAC xəbər verir ki, bunu Afrika İnkişaf Bankı Qrupunun şəhər inkişafı və infrastruktur üzrə baş müşaviri Ole Stubdrup Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Yeni Şəhərsalma Proqramı üzrə növbəti 10 il üçün Birgə Səylərimiz" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
"2018-ci ildə bank daxilində Şəhər və Mülki İnkişaf bölməsi yaradıldı. 2019-cu ildə isə Şəhər və Mülki İnkişaf Fondu təsis olundu. Bu fond şəhərləri planlaşdırma, layihələrin hazırlanması, idarəetmə və digər sahələrdə birbaşa dəstəkləyir. Bu, bizim üçün çox vacib addımdır. Görüləcək işlər çoxdur və tələbatın artdığını müşahidə edirik. Şəhərlərin rolu və onların səsi milli səviyyədə aparılan dialoqda son dərəcə vacibdir. Şəhərlər vətəndaşların daha birbaşa iştirak etdiyi və daha inklüziv olan məkanlardır. Əlillik və ümumilikdə inklüzivlik məsələləri layihələrin ilkin mərhələlərindən etibarən nəzərə alınmalıdır", - deyə o diqqətə çatdırıb.