Aftandil Hacıyev: İstərdim ki, Argentina millisi yenidən dünya çempionu olsun
Bakı, 29 iyun, AZƏRTAC
Fikrimcə, dünya çempionatında əsas favoritlər Braziliya, Fransa, Argentina və Portuqaliya milliləridir. Onların heyətində yüksəksəviyyəli futbolçular çıxış edir və çempionluq uğrunda mübarizə aparmaq üçün kifayət qədər potensiala malikdirlər. Bununla yanaşı, turnirdə sürpriz nəticələr göstərən komandalar da az deyil.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Aftandil Hacıyev deyib.
“Qarabağ” Futbol Akademiyasının baş koordinatoru vəzifəsində çalışan mütəxəssis bildirib ki, dünya çempionatının oyunlarının gecə və səhər saatlarında keçirilməsi bütün qarşılaşmaları izləməyi çətinləşdirir: "Buna baxmayaraq, maraqlı və gərgin oyunların şahidi oluruq. Favorit hesab etdiyim komandalarla yanaşı, ev sahibi ABŞ millisinin də uğurlu təsir bağışladığını demək olar. Yığma doğma azarkeşlər önündə yaxşı futbol nümayiş etdirir. Onların çıxışını bəyənirəm və hesab edirəm ki, bu komandanı da turnirin iddialıları sırasında göstərmək olar".
Aftandil Hacıyev Argentina millisinin növbəti dəfə dünya çempionu olmasını arzuladığını söyləyib: "İstərdim ki, Argentina yenidən dünya çempionu olsun. Digər tərəfdən, Kriştianu Ronaldunun da bu titulu qazanmaq arzusunda olduğunu hamı bilir. Lakin Portuqaliyanın qarşısında çox güclü rəqiblər var və çempionluq yolunda onları çətin sınaqlar gözləyir".
Mütəxəssis dünya çempionatında Afrika təmsilçilərinin uğurlu çıxışını da xüsusi qeyd edib: "Afrika komandaları bu turnirdə sürpriz etməyi bacardılar. Xüsusilə Kabo-Verde millisinin çıxışı diqqət çəkir. Onlar İspaniya ilə heç-heçəyə nail oldular və həmin matçda qapılarını toxunulmaz saxladılar. Bu, komandanın nə qədər intizamlı və təşkilatlanmış futbol nümayiş etdirdiyini göstərir".
O, Türkiyə millisinin çıxışını isə gözləntilərə uyğun hesab etmədiyini vurğulayıb: "Düşünürəm ki, Türkiyə millisində müəyyən qədər arxayınlıq var idi. Əslində qrup elə də çətin deyildi. Avstraliya və Paraqvay kimi rəqiblərdən xal almaq, hətta qələbə qazanmaq mümkün idi. Təəssüf ki, bu şanslardan istifadə edə bilmədilər və nəticədə qrup mərhələsində mübarizəni başa vurdular".
Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.