Ağasəlim Mircavadov: “Zirə” məğlubiyyətə layiq deyildi, “Neftçi” yeni oyun üslubuna öyrəşir
Bakı, 19 fevral, AZƏRTAC
“Mövsümün ikinci yarısı, eləcə də çempionatın sonları hər zaman gərgin keçir. Çünki bütün komandaların qazanacağı xallar qızıla barəbərdir. Hazırda əsas mübarizə çempionluq deyil, gümüş, bürünc və dördüncü yer uğrunda gedir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycan Premyer Liqasının XXIII turunun oyunlarını şərh edərkən deyib.
77 yaşlı mütəxəssis “Sabah” - “Kəpəz” oyununun (3:2) kifayət qədər maraqlı keçdiyini bildirib: “Sabah” son turlar yaxşı formadadır. Biz buna bakılıların ölkə çempionatı və Azərbaycan Kubokunda “Qarabağ”a qarşı keçirdiyi matçlarda şahid olduq. Gəncə təmsilçisi hesabda öndə olsa da, üstünlüyünü qoruya bilmədi. Yaxşı hücumlar təşkil edirdilər, lakin son nöqtəni qoyan futbolçu tapılmırdı. Əgər belə olmasaydı, “Kəpəz” meydanı xalla tərk edə bilərdi”.
Azərbaycan millisinin keçmiş baş məşqçisi “Səbail” - “Araz-Naxçıvan” matçının (2:2) nəticəsinin ədalətli olduğunu söyləyib: “Səbail” birinci hissədə o qədər də baxımlı oyun nümayiş etdirmədi. Lakin hər iki kollektiv hücumlar təşkil edirdi. Hiss olunurdu ki, komandalar meydandan üç xalla ayrılmaq istəyirlər”.
A.Mircavadovun sözlərinə görə, qolsuz başa çatan “Sumqayıt” - “Turan Tovuz” qarşılaşmasında hər iki komandanın meydandakı problemləri aşkar görünürdü: “Sumqayıt” və “Turan Tovuz” qış fasiləsində istədikləri futbolçuları transfer etsəydilər, indi fərqli ssenari izləyə bilərdik. Samir Abasovun komandası “Neftçi”yə qarşı sərgilədiyi oyunu bu matçda nümayiş etdirə bilmədi. Hazırda “gənclik şəhəri” təmsilçisi ikinci yerdə getdiyinə görə üzərində müəyyən təzyiqlər var. Komanda çalışır ki, bu pilləni əldən verməsin. “Sumqayıt”ın əsl gücü növbəti turda “Qarabağ”la keçirəcəyi matçda bilinəcək”.
Son olaraq “Neftçi” - “Zirə” (1:0) oyunu barədə danışan mütəxəssis qonaqların bu görüşdə məğlubiyyətə layiq olmadığını vurğulayıb: “Zirə” oynadı, “Neftçi” qalib gəldi. Həqiqətən də Rəşad Sadıqovun komandası meydanda yaxşı mübarizə apardı. İki qol vurmağı bacardılar, ancaq VAR-ın qərarı ilə qeydə alınmadı. “Ağ-qaralar” isə yeni məşqçi Miodraq Bojoviçin rəhbərliyi altında yeni oyun üslubuna öyrəşir. Heyətlərində yaxşı futbolçular var. Sadəcə, komandaya bir az vaxt lazımdır”.
Qeyd edək ki, XXIII turda keçirilməsi nəzərdə tutulan “Qəbələ” - “Qarabağ” matçı Ağdam təmsilçisinin avrokuboklardakı çıxışına görə təxirə salınıb.