Ağcabədidə konfrans: Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur
Ağcabədi, 24 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional Ofisinin və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra qonaqlar YAP Ağcabədi rayon təşkilatının inzibati binasının qarşısında Heydər Əliyev Mərkəzi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilmiş səyyar sərgi ilə tanış olublar.
Konfrans Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldığını bildirib. Təməli Ulu Öndər tərəfindən qoyulan hərbi sahədəki islahatların onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, görülən işlərin məntiqi nəticəsində 2020-ci ilin sentyabr ayında başlayan 44 günlük Vətən müharibəsinin qəhrəman Ordumuzun şanlı Qələbəsi ilə başa çatdığını vurğulayıb.
Konfransda çıxış edən GTM Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi və 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Eyni zamanda, Ordumuzun keçdiyi inkişaf yolundan, Silahlı Qüvvələrin potensialının və gücünün artırılması istiqamətində görülən tədbirlərin uğurlu nəticələrindən danışıb. Qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, şəhid və qazilərimizin qəhrəmanlıqları sayəsində torpaqlarımız işğaldan azad edildi və bu gün Azərbaycan bayrağı bütün işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır.
Konfransda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Qabil Rzayev, “N” saylı hərbi hissənin zabitləri Vüqar Tağıyev və Elcan İsayev, şəhid atası Rəşad Rəhimov, Heydər Əliyev Mərkəzinin direktoru Rövşanə Əliyeva, Vətən müharibəsi qazisi Ramil Nağıyev Ümummilli Liderin ordu quruculuğunda əvəzsiz xidmətlərdən, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman oğulların düşmən üzərində qazandığı Qələbədən ətraflı bəhs ediblər.
Sonda Azərbaycan Ordusuna həsr edilmiş film nümayiş olunub.