Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi keçirilib
Ağcabədi, 15 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi və Gənclər İnkişaf və Karyera Mərkəzinin (GİKM) Ağcabədi nümayəndəliyinin birgə əməkdaşlığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, GTM Qarabağ regional ofisinin əməkdaşı Ülviyyə Qasımova bayram münasibətilə şənlik iştirakçılarını təbrik edib, onlara xoş arzularını çatdırıb. Bildirib ki, Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, qonaqsevərliyini, mehribanlıq və dostluq duyğularını özündə əks etdirir. Novruz həm də humanist ideyalar bayramı kimi qiymətləndirilir. Üç ildir ki, ölkəmizdə Novruz bayramını qalib xalq kimi böyük sevinclə qeyd edirik.
Tədbirdə GTM və GİKM könüllüləri rəqs nömrələri və səhnəciklərlə çıxış edərək uşaqları əyləndiriblər. Novruz adət-ənənələrindən olan yumurta döyüşdürüb, haxıştalar, bayatılar səsləndirilib. Kosa və Keçəlin gəlişi uşaqların böyük sevincinə səbəb olub. Daha sonra Novruz tonqalı qalanıb. İştirakçılar tonqal üzərindən atlanıb, yallı gedərək bayramın gəlişini qeyd ediblər.