Səyyar Gənclər Xidməti Kürdəmir gəncləri üçün fəaliyyət göstərib
Bakı, 9 oktyabr, AZƏRTAC
Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən Səyyar Gənclər Xidməti layihəsi 5-9 oktyabr tarixlərində Kürdəmirdə fəaliyyət göstərərək gənclərə müxtəlif istiqamətlər üzrə xidmətlər təqdim edib.
Bu barədə AZƏRTAC-a Gənclər Fondundan məlumat verilib.
Bildirilib ki, bu il "Gənclərlə, gənclər üçün" devizi altında reallaşdırılan layihənin əsas məqsədi dövlət gənclər siyasəti çərçivəsində formalaşdırılmış imkan və xidmətlərin, xüsusilə məşğulluq, innovasiya və rəqəmsallaşma istiqamətində həyata keçirilən təşəbbüslərin regionlarda yaşayan gənclər üçün daha əlçatan olmasına töhfə vermək olub.
Layihənin Kürdəmirdə keçirilən açılış mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin yad edilməsi ilə başlayıb.
Rəsmi hissədə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısının müavini Ağali Kərimli və Gənclərin İnkişaf və Karyera Mərkəzinin şöbə müdiri Aqil Quliyev çıxış edərək layihənin gənclər üçün şəxsi inkişaf və karyera planlamasına yönəlik imkanların genişləndirilməsi, onların ictimai fəallığının artırılması baxımından əhəmiyyətini haqqında öz fikirlərini bölüşüblər.
Səyyar Gənclər Xidmətinin Kürdəmirdəki beşgünlük zəngin proqramı çərçivəsində "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonaları iştirakçıların böyük marağına səbəb olub. Gənclər bu zonalarda təşkil olunan vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edib, həm də praktiki bacarıqlarını inkişaf etdiriblər.
Eyni zamanda, həftəboyu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən mütəmadi olaraq maarifləndirici sessiyalar, Kürdəmir Peşə Liseyi tərəfindən isə sərgi təşkil edilib. Peşəkar mütəxəssislərin təqdimatında keçirilən təlimlər zamanı isə iştirakçılar ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və sağlam həyat tərzi ilə bağlı mövzular ətrafında maraqlı müzakirələr aparıblar.
Qeyd edək ki, noyabr ayınadək ümumilikdə ölkənin 20 şəhər və rayonunda 8 mindən çox gənci əhatə edəcək olan layihə bu günədək Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Xızı, Lənkəran, Astara, Lerik, Yardımlı və Salyanda uğurla icra edilib.