Ağdam Dövlət Dram Teatrı Beyləqanda “Kişi və qadın” tamaşasını təqdim edib
Beyləqan, 21 iyun, AZƏRTAC
Beyləqan rayon Mədəniyyət Mərkəzində Ağdam Dövlət Dram Teatrının yaradıcı kollektivi tərəfindən yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanmış ikihissəli “Kişi və qadın” komediyası tamaşaçılara təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Kərim Həsənov, quruluşçu rəssamı Qönçə Həzizadə, musiqi operatoru Elşən Cəfərov, rejissor assistenti Ceyhun Yusifovdur.
Səhnə əsərində rolları Kərim Həsənov, Xəyalə Xudadatova, Ramil Hüseynzadə, Zərifə Ağayeva, Ülviyyə Qasımova və Mahir Xəlilov ifa ediblər.
Tamaşada müasir ailə münasibətləri, ailədaxili problemlər, insan xarakterinin psixoloji çalarları və zamanla dəyişən münasibətlərin yaratdığı mənəvi uzaqlaşmalar maraqlı səhnə dili ilə əks etdirilib. Uzun illər birgə həyat sürən, lakin zaman keçdikcə bir-birinə yadlaşan ər və arvadın həyatından bəhs edən səhnə əsəri komediya janrına uyğun olaraq həm gülüş, həm də düşündürücü məqamlarla yadda qalıb.
Müxbir – Tahir Ağaməmmədov