Ağdam: düşmənin artilleriya atəşi nəticəsində dəymiş ziyan aradan qaldırılır VİDEO
Ağdam, 29 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
2020-ci ilin sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində ən çox ziyan çəkmiş ərazilərdən biri də Ağdam rayonudur. Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində Ağdam rayonunun yaşayış məntəqələrində 32 ev və 6 qeyri-yaşayış obyekti dağılıb, 1750-dən çox tikiliyə zərər dəyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlət başçısının tapşırığına əsasən qısa zaman ərzində görülmüş işlər nəticəsində 1450-dən çox tikili təmir-bərpa olunub, 27 ev və 6 qeyri-yaşayış obyekti tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib. Hazırda 5 evin tikintisi bitmək üzrədir. 300 tikilinin təmir-bərpası işləri isə davam etdirilir. Yaxın müddətdə Ağdam rayonu ərazisində də tikinti və təmir-bərpa işlərinin tam yekunlaşdırılması planlaşdırılır.
Rayon sakinləri düşmən təxribatları zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işləri müsbət qiymətləndirirək, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Erməni hərbçilərinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində evi dağılmış Qaradağlı kənd sakini Cahid Rüstəmov deyib: “Düşmənin artilleriya atəşi zamanı mərmilərdən biri də mənim evimə düşmüşdü. Mənim evim də, yaxınlıqdakı bacımın evi də dağılmışdı. Var olsun dövlətimiz. Dağılmış evimizin yerində iki otaq, mətbəx və sanitar qovşaqdan ibarət yeni gözəl ev tikib. Ev istilik sistemi ilə təmin olunub. Buna görə Prezidentimizə minnətdarlığımı bildirirəm".
Digər sakin Sarı Allahverdiyev isə deyib: “Ağdam rayonunun Mərzili kəndindən məcburi köçkün düşmüşük. Alıbəyli-1 qəsəbəsində məskunlaşmışam. 44 günlük müharibədə bizim qəsəbəmiz də düşmənin artilleriya atəşinə məruz qaldı. Oktyabrın 1-dən 2-nə keçən gecə mərmilərdən biri də bizim evə düşərək iki otağı dağıtdı. Həmin vaxt özümüz digər otaqlarda idik. Komissiya gələrək araşdırdı və evimiz yüksək səviyyədə bərpa edildi”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 11 şəhər və rayon ərazisində 13 mindən çox tikiliyə ziyan dəyib. Ziyan dəymiş tikililərin tikintisi və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir. Artıq 11 min 750-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digər tikililər üzrə görülən işlərin də qısa zamanda tamamlanaraq sakinlərə təhvil verilməsi, həmin ərazilərdə yaşayan əhalinin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb olunub.