REGİONLAR
Ağdam şəhərində, Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində genişmiqyaslı tikinti işləri aparılır FOTO VİDEO
Ağdam, 9 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Ağdam şəhərində yaşayış məhəllələrinin tikintisinə bu ilin iyununda başlanılıb. Hazırda 2-ci mərhələ üzrə 11 yaşayış məhəlləsində tikinti işləri davam edir. 2-ci mərhələdə 1268 mənzilin inşası nəzərdə tutulur. 1-ci, 3-cü və 5-ci mərhələlərdə yaşayış və qeyri-yaşayış binalarının layihələndirmə işləri davam edir. Bundan başqa 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərhələlərdə Baş plan üzrə söküntü və şaquli planlaşdırma işləri tamamlanıb. Həmçinin qeyd edilən ərazilərdə ictimai binaların tikinti işləri də icra olunur.
Leyla Sarabi Ağdam şəhəri ilə yanaşı Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində də tikinti işlərinin davam etdiyini deyib. Bildirib ki, Sarıcalı kəndində 203, Kəngərli kəndində 292, Xıdırlı kəndində isə 719 evin inşası davam edir. Hər 3 kənddə fərdi yaşayış evləri ilə yanaşı məktəblər, uşaq bağçaları, klub icma mərkəzləri, bayraq meydanı, bazar kompleksləri, məişət xidməti obyektləri, Ailə Sağlamlıq mərkəzləri, inzibati binalar və digər obyektlərin də tikintisi aparılır. Kəndlərdə alternativ enerji mənbələrindən istifadə olunacaq, mərkəzi kommunikasiya sistemi qurulacaq.
“Ağdamın ən böyük kəndlərindən biri olan Baş Qərvənd kəndində “ağıllı kənd” layihəsi icra ediləcək. Artıq kənddə söküntü və şaquli planlaşdırma işləri yekunlaşmaq üzrədir”, – deyə L.Sarabi əlavə edib.