REGİONLAR
Ağdam Sənaye Parkında yerləşən ayaqqabı fabrikinin istehsal gücü 900 minə çatdırılacaq VİDEO



Ağdam, 9 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
“BAFCO İnvest” MMC tərəfindən Ağdam Sənaye Parkında ayaqqabı fabrikinin tikintisinə bu ilin iyun ayında başlanılıb və inşaat işləri 75 faiz yekunlaşıb.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “BAFCO İnvest” MMC-nin direktoru Elnur Allahverdiyev deyib.
Onun sözlərinə görə, bu ayın sonunadək tikinti işləri bitəcək və Almaniyadan avadanlıqlar gətiriləcək. Elnur Allahverdiyev bildirib ki, yanvar ayının birinci həftəsində avadanlıqların quraşdırılmasına başlanılacaq.
“Əsasən təhlükəsizlik tipli ayaqqabılar və poliuretan çəkmələr istehsal olunacaq. Fabrik ildə 510 min cüt ayaqqabı istehsalı gücünə malikdir ki, bunun da 350 min cütü təhlükəsizlik ayaqqabıları, 160 min cütünü isə poliuretan çəkmələr təşkil edəcək. İstehsal olunan məhsulların 65 faizi yerli bazara, 35 faizi xarici bazara çıxarılacaq. Müəssisə ölkədə Avropa sertifikatına malik yeganə fabrik olacaq və Avropaya məhsul ixracı planlaşdırılır. İşçilərin Ağdamdan və ətraf rayonlardan götürülməsi nəzərdə tutulur. Birinci mərhələdə 60 nəfər, sonra isə 120 nəfər işlə təmin olunacaq. İki iş rejiminə keçəndən sonra istehsal gücü 510 min cütdən 900 minə kimi artacaq”, - deyə Elnur Allahverdiyev vurğulayıb.
Qeyd edək ki, Ağdam sənaye parkında 25 sahibkarlıq subyekti qeydiyyatdan keçib. İnvestorlar tərəfindən Sənaye Parkına 175 milyon manatdan çox investisiyanın yatırılması, 1600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda 10-dan çox rezident tikinti-quraşdırma işlərinə başlayıb.