Ağdamda Müstəqillik Günü münasibətilə konsert təşkil edilib
Ağdam, 26 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində 28 May - Müstəqillik Gününə həsr olunmuş musiqili tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının və Qarabağ Regional Mədəniyyət İdarəsinin Ağdam nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyəti dövründə görülən işlərdən, xalqımızın dövlətçilik tarixindəki rolundan danışıblar.
Sonra Qaradağlı kənd uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında konsert olub. Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına qoşulan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.