Ağdamın İmamqulubəyli kəndində “model müəssisə” prinsipi əsasında qurulmuş heyvan kəsimi məntəqəsi açılıb
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərinin cəlb olunması ilə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirlərin davamı kimi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən Ağdam rayonunun İmamqulubəyli kəndində “model müəssisə” prinsipi əsasında yeni qurulmuş heyvan kəsimi məntəqəsinin açılışı olub.
Qeyd edilib ki, məntəqədə hər gün 12-15 baş iribuynuzlu və 20-25 baş xırdabuynuzlu heyvanın kəsimini həyata keçirməkdən ötrü hər cür şərait yaradılıb. Məntəqədə texnoloji ardıcıllıq gözlənilir və çarpaz çirklənmə mövcud deyil. Diri heyvanların, həmçinin hazır məhsulun gətirilməsi və aparılması üçün ayrı-ayrı qapılar qoyulub. Cəmdəklərin və subməhsulların çirklənməsinin qarşısının alınması məqsədilə kəsilmiş heyvanların mədə və dərilərinin təmizlənməsi üçün otaqlar ayrılıb. Baytarlıq-sanitariya ekspertizasını həyata keçirmək üçün lazımi avadanlıqlarla təchiz edilmiş həkim otağı var. Məntəqə dezinfeksiya işlərinin mütəmadi olaraq aparılması üçün avadanlıq və dezinfektantlarla təchiz edilib.