Ağdamlı fermer taxılçılıq, pambıqçılıq və baramaçılıqda yüksək göstəricilərə nail olur
Ağdam, 11 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması ilə bağlı tapşırıqları Ağdam rayonunda da uğurla icra olunur. Cəbhə bölgəsinin fermerləri göstərilən diqqət və qayğıdan ruhlanaraq təsərrüfatlarını inkişaf etdirir, ölkəmizin qeyri-neft sektoruna öz töhfələrini verirlər. Dövlətimizin fermerlərə diqqət və qayğısından yararlanan Ağdamın Xındırıstan kəndi sakini Ramil Babayev də aqrotexniki qaydalara düzgün əməl etməklə taxılçılıq, pambıqçılıq və baramaçılıqda yüksək göstəricilərə nail olur.
Ramil Babayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: "Dövlət tərəfindən pambıqçılığa və baramaçılığa göstərilən qayğıdan ruhlanaraq bir neçə ildir ki, kənd təsərrüfatının bu strateji sahələrində məhsul istehsalı ilə məşğulam. 2017-ci ildə barama istehsalında yüksək nəticəyə nail olduğum üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişəm. Əldə etdiyimiz nəticə və dövlətimiz tərəfindən göstərilən qayğıdan ruhlanaraq, baramaçılıqla yanaşı, pambıqçılıq və taxılçılıqda da yüksək göstəricilər əldə etməyə çalışıram. Belə ki, ötən təsərrüfat ilində 3 qutu ipəkqurdu bəsləyərək, 265 kiloqram barama istehsal etmişik. Bundan başqa 10 hektar pambıq sahəsindən 35 ton, 10 hektar taxıl sahəsindən isə 68 ton məhsulumuz olub".
Ağdamlı fermer 2020-ci təsərrüfat ili üçün 25 hektarda taxıl əkib. Aqrotexniki qaydalara düzgün əməl edilməsi - yemləmə gübrələrinin verilməsi, alaqlarla və zərərvericilərlə mübarizə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi bu il də məhsuldarlığın yüksək olacağından xəbər verir. Hazırda taxıl sahəsində ikinci suvarma aparan fermer hər hektardan 50 sentner məhsul götürəcəyinə əminliyini ifadə edib.
Ramil Babayev bu il, həmçinin 20 hektarda pambıq becərməyi və 80 tona yaxın məhsul istehsal etməyi planlaşdırıb. "Pambıq becəriləcək sahələri qış aylarında şumlayıb, arat etmişik. Çiyid səpininə yaxın günlərdə başlayacağıq. Bu il yenə də 3 qutu ipəkqurdu bəsləməyi nəzərdə tutmuşam", - deyə R.Babayev bildirib.
Qeyd edək ki, ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Nazirlər Kabinetinin kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimatına əsasən, fermerlərin xüsusi karantin rejimi qaydalarına riayət etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olması sərbəstdir.
Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, fermerlərin kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün hərəkəti sərbəstdir. Əgər fermerin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi labüddürsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış almalıdır. Rayon mərkəzində yaşayan, kəndlərdə təsərrüfatı olan şəxslərə arayışı şəhər icra nümayəndəliyi verir. Rayonlararası hərəkət üçün mexanizatorlar və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermer, təchizatçı və tədarükçülər rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən, digərləri isə rayon icra hakimiyyət orqanından arayış almalıdır.
Bakı və Sumqayıt şəhərlərində yaşayan, lakin rayonlarda təsərrüfatları olan, mövsümlə əlaqədar təsərrüfatlara getməli olan vətəndaşlar isə bunun üçün Aqrar Xidmətlər Agentliyi və ya Qida Təhlükəsizliyi Agentliyindən birgə arayış almalıdır.