AĞDAŞDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN YUBİLEYİ İLƏ ƏLAQƏDAR SPARTAKİADA KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Ağdaşda yeniyetmələrin III ümumrayon spartakiadasına start verilmişdir.
Mayın 1-də Ağdaş şəhər stadionunda spartakiadanın açılış mərasimi olmuşdur. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil və gül-çiçək dəstələri qoymuşlar.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev, gənclər və idman idarəsinin rəisi Azad Gözəlov müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ölkəmizdə uğurlu gənclər siyasətini həyata keçirməsindən, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi istiqamətində göstərdiyi xidmətlərindən və hazırda Prezident İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından danışmışlar.
Tədbirdə qeyd olunmuşdur ki, mayın 1-dən 9-dək davam edəcək spartakiadada ağdaşlı gənclər futbol, voleybol, sərbəst güləş, karate, boks, taekvondo, kross, şahmat, dama, atletika, stolüstü tennis, güllə atıcılığı və armreslinq üzrə birinciliklərdə qüvvələrini sınayacaqlar. Yarışlarda ümumilikdə 2000-ə yaxın oğlan və qız iştirak edəcəkdir. Yarışlar Heydər Əliyev parkında, müxtəlif idman klubları və cəmiyyətlərində keçiriləcəkdir.
Çıxışlardan sonra Olimpiya himninin sədaları altında idmançıların nümunəvi çıxışları olmuş və futbol yarışına start verilmişdir.